Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Azərbaycan Respublikasının Konstitusiyası Günü qeyd olundu

12 noyabr 2014 | 11:00
    Ölkəmizin tarixində əlamətdar hadisələrdən biri olan Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir. Bayram tədbirləri, o cümlədən Pirallahı rayonunun məktəbəqədər tərbiyə müəssisələrində də təşkil olunmuşdu. Tədbirlərdə Pirallahı RİH-in əməkdaşları, məktəbəqədər tərbiyə müəssisələrinin əmək kollektivləri, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
    “Bulaq” uşaq bağçası – körpələr evində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əsgərov müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etdi, bu hadisənin Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladı. Bildirildi ki, ulu öndər  Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra  Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə umummilli lider  Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 19 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur.
    Sonra tədbirdə çıxış edən uşaqlar Vətənə, anaya, müəllimə, ana dilimizə aid şeirlər söylədilər. Tədbirdə uşaqların iştirakı ilə hazırlanmış bir neçə kompozisiya nümayiş etdirilildi. Konstitusiyası Günü ilə bağlı tədbirlər “Çobanyastığı”, “Cırtdan”, “Qağayı” və Çilov adasındakı uşaq bağçası – körpələr evlərində də yüksək səviyyədə keçirildi.
     Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar bayram tədbiri 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində də təşkil edildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak etdilər. Mərkəzin yetirmələri qonaqlara Bayraq və Vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirdilər.
Keçidlər