Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirildi

20 noyabr 2014 | 11:00
   Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən möhtəşəm bayram tədbiri təşkil edildi.
   “Retro” sarayında  keçirilən təntənəli yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı  Rayon Təşkilatının sədri Manaf Manafov  “Yeni Azərbaycan Partiyası – möhtəşəm 22 il” mövzusunda məruzə ilə çıxış edib. Çıxışına ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır” sözləri ilə başlayan M.Manafov vurğuladı ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer verir.
    Artıq bir ildən çoxdur ki, ölkəmizin, o cümlədən rayonumuzun tərəqqisi yolunda Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı da öz töhfəsini verməkdədir, - deyən Manaf Manafov qeyd etmişdir ki, bu müddət ərzində rayonun bütün idarə və müəssisələrində partiyanın ilk təşkilatları yaradılmış, rayon miqyasında bir çox yaddaqalan tədbirlər həyata keçirilmişdir. Bu gün Rayonda Yeni Azərbaycan Partiyasının 3 min 500 nəfərdən çox üzvü vardır və onlar Pirallahı rayonunun, bütövlükdə Azərbaycanımızın daha da çıçəklənməsi yolunda səy və bacarıqlarını əsirgəmədən böyük ruh yüksəkliyi ilə çalışırlar.
  Tədbir iştirakçılarına Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə təbriklərini çatdıran Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, bu gün Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Üzvlərinin sayı yarım milyondan artıq olan Partiyanın əsası 1992-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövründə, dövlətimizin görünməmiş sınaqlara məruz qaldığı bir zamanda ölkəmizin qabaqcıl ziyalılarının təşəbbüsü ilə yarandığını qeyd edən V.Səfixanov Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitə qısa bir ekskurs etmişdir.
    Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının xalqımızla birlikdə şərəfli bir yol keçdiyini söyləyən, 2003-cü ildən bəri partiyanın sədrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğunu, son 10 ildə Azərbaycanımızın yeni-yeni zirvələr fəth etdiyinin vurğulayan Vəzir Səfixanov hər bir partiya üzvünü əlamətdar gün - Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə təbrik etdi, fəaliyyətlərində uğurlar arzuladı.
   Bayram tədbirində çıxış edən millət vəkili Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər natiqlər Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd etdilər.  Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi olduğunu bildirən natiqlər partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını təşkil etdiyini vurğuladılar.
   Daha sonra tədbir tanınmış ifaçılar Könül Tağıyeva, Gülay Zeynallı, Elton Hüseynəliyev, Aysel Əlizadə, Yaşar Yusub, rəqqasə Fatimə Fətəliyeva və digər mədəniyyət ustalarının iştirakı ilə bayram konserti ilə davam etdirildi. Tədbirin sonunda nümayiş etdirilən bayram atəşfəşanlığını iştirakçılar böyük maraqla seyr etdilər.
Keçidlər