Şriftin ölçüsü :

Saytın rəngi :

3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günü

03 oktyabr 2023 | 10:11
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.
Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Keçidlər