Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

24 iyun 2022 | 17:20
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 24 iyun 2022-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
       İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirildi ki, son vaxtlar  Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara, qlobal forumlara, konfranslara yüksək səviyyədə ev sahibliyi edir və bu  ölkəmizin qazandığı mövqeyin, dünyadakı çəkisinin, beynəlxalq ictimaiyyət və  təşkilatlar qarşısında nüfuzunun ifadəsidir. İyunun 16-da ölkəmiz növbəti mötəbər tədbirə ev sahibliyi etdi. Paytaxtımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə IX Qlobal Bakı Forum keçirildi. “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuş forumun işində 50-dən artıq ölkədən 300-ə yaxın qonaq iştirak edib.  Forumun açılış mərasimində çıxış edən ölkə başçısı qeyd etdi ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
       Sonra V.İmanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin dərinləşməsindəki rolu barədə yüksək fikirlər səsləndirdi. Bildirilmişdir ki, son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə canlanma müşahidə olunmaqda­dır. Səfər çərçivəsində iki dost ölkə arasında  20-ə yaxın sənədin imzalanması gələcək perspektivləri müəyyən etdi. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
        Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
       Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, evinin dam örtüyünün təmiri və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər