Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun neftçiləri humanist aksiyaya qatıldılar

05 dekabr 2014 | 11:00
   Azərbaycan neftçiləri bütün dönəmlərdə ölkəmizdə həyata keçirilən sosial yönümlü layihələrin ən fəal iştirakçıları kimi tanınırlar. Hər il olduğu kimi bu il də neftçilər Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. «Savab dünyası» Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlara humanitar yardım xarakteri daşıyan tədbirlərdə ARDNŞ-in strukturuna daxil olan və Pirallahı rayonunun ərazisində yerləşən idarə və müəssisələrin əmək kollektivləri ənənəvi olaraq böyük fəallıq nümayiş etdirirlər.
     “28 May” NQÇİ-nin Çilov adasında dislokasiya olunmuş struktur vahidlərində və Stasionar Dəniz Özüllərində çalışan neftçilər bu günlərdə keçirilən qanvermə aksiyasına qatıldılar. İlk olaraq qan verənlərdən biri, «28 May» NQÇİ-nin rəisi Rövşən Qarayev qeyd etdi ki, kollektiv hər il olduğu kimi bu il də talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə könüllü qoşulmuşdur. Ağır bəlaya düçar olmuş körpələrə donor qanı vermək bizim insanlıq, vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də inancımıza görə çox böyük savab işdir. Növbəli iş rejiminə, işçilərimizin çoxunun ayrı-ayrı özüllərdə olmasına baxmayaraq kollektivimiz bu xoşməramlı təşəbbüsə hamılıqla qoşulmaq əzmindədir. Günün sonuna aksiyada iştirak etmiş yüzdən artıq dəniz neftçisindən 85-i qan verməklə xəstə balaların həyata olan ümidini artırmış oldular.
     Möcüzələr adası Neft Daşlarında «Donor günü» noyabrın 28-də baş tutdu. “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov qeyd etdi ki, burada çalışan fədakar insanlar həmişə olduğu kimi bu dəfə də  humanist tədbirə böyük ruh yüksəkliyi ilə qoşulublar. “Neft Daşları” NQÇİ-nin kollektivi ilə bərabər 4 saylı Tikinti-Quraşdırma idarəsinin, “Neft Daşları” Mədən Geofizika Ekspedisiyasının və digər təşkilatların əməkçilərinin iştirak etdiyi humanist aksiya səhər saatlarından axşam saat 21.00-dək davam etdi. Qeyd edək ki, aksiyada 200 nəfərədək dəniz neftçisi iştirak etmiş, onlardan 176 nəfəri tibbi müayinədən uğurla keçərək talassemiyalı xəstələr üçün qan vermişlər.
Keçidlər