2 iyul - Azərbaycanda Polis Günüdür
02 iyul 2022 | 11:33
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu münasibətlə Pirallahı rayon Polis Şöbəsinin inzibati binasında tədbir keçirildi.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov DİN əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. V.Səfixanov qeyd etdi ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçib. Ümummilli lider Heydər Əliyevin Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışaraq natiq bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis işçilərinə diqqətlə və qayğıkeşliklə yanaşır. Diqqətə çatdırıldı ki, bu il Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü qeyd olunur. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı və bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bu mühüm məsuliyyəti dərindən dərk edən Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.
Pirallahı rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov polis əməkdaşlarına təbrikini çatdıraraq Azərbaycan polisinin keçdiyi tarixi yolun şərəfli, eyni zamanda bu günkü nəsil üçün örnək olacaq bir yol olduğu bildirdi. Həmçinin, Pirallahı rayonunda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolu xüsusi qeyd edildi. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün yaxşılaşır.
Tədbirin sonunda ictimai asayişin təmin olunmasında fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyətinin fəxri fərmanlari təqdim edildi.