Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirildi

09 dekabr 2014 | 11:00
     Dekabrın 9-da Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə payız-qış mövsümü ərəfəsində yanğın təhlükəsizliyi, həmçinin dəm qazı zəhərlənmələrinin qarşısının alınması məqsədilə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar  Komissiyasının sədri Cəlil Mirzəyev, FHN-in Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytinant Vaqif Teymurov, FHN-in Bakı Regional Mərkəzinin istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, polkovnik-leytenant Elgün Ələkbərov, IV Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, mayor Nəcəf Hacıyev, 51 saylı Yanğından Mühafizə Hissəsinin rəis müavini, mayor Tərlan Bağırov, qəsəbə nümayəndələri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Qaz İstismar Sahəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
       Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Cəlil Mirzəyev öz çıxışında rayonun yaranma tarixi haqqında məlumat verdi və bildirdi ki, fəaliyyətə başladığı ilk gündən rayonun bütün idarə və müəssisələri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Rayonun İcra Başçısı Vasif İmanovun rəhbərliyi ilə ölkə başçısı, Prezident İlham Əliyev cənablarının qarşıya qoymuş olduğu mühüm və həlli vacib məsələlərin icrasına başlamışlar:”Rayon mərkəzi kimi Pirallahı qəsəbəsi seçildiyindən və qəsəbənin mövcud infrastrukturu müasir rayon mərkəzi kimi tələblərə cavab vermədiyindən, ərazidə geniş yenidənqurma işlərinin aparılması zərurəti yaranmışdır. Görüləcək abadlıq və quruculuq işlərinin icrasını müasir şəhərsalma qaydalarına uyğun təmin etmək məqsədilə ilk növbədə qəsəbənin baş planı hazırlanmışdır. Rayon ərazisində Baş plana uyğun olaraq genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Belə ki, Pirallahı qəsəbəsinin S.Bağırov, Fioletov, S.Vurğun küçələri boyu əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş tikinti norma və qaydalarına cavab verməyən, qanunsuz və kortəbii şəkildə inşa olunmuş qarajlar, köşklər, kommersiya obyektləri və sair tikililər sökülmüş, təsərrüfat və digər məqsədlər üçün sakinlər tərəfindən hasara alınmış ərazilər təmizlənərək abadlaşdırılmışdır. İstismar müddətini başa vurmuş qaz xətləri dəyişdirilərək yeraltı xətlərlə əvəz olunur, yerüstü elektrik xətlərinin isə kabelləşdirilərək yeraltı xətlərlə əvəz olunmasına başlanmışdır”. C.Mirzəyev həmçinin qeyd etdi ki, payız-qış mövsümü ilə əlaqədar rayonda yaşayış sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi, baş vermiş yanğınların söndürülməsi üçün əlverişli şəraitin yaradılması, qaz sızması nəticəsində baş verə biləcək partlayışların, eyni zamanda dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə qəsəbələrin nümayəndəliklərinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Qaz İstismar Sahəsi əməkdaşlarının birgə iştirakı ilə məqsədyönlü işlər görülmüşdür.
       Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytinant Vaqif Teymurov və başqaları yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasından, bu məqsədlə atılacaq addımlar sırasında maarifləndirmənin rolundan, insanların məişətdə istifadə etdikləri təbii qazla daha diqqətli və son dərəcə ehtiyatla davranmalarından və   təbii qazın istifadəsi zamanı təhlükəsizlik qaydalarına və tələblərə tam şəkildə riayət etmələrinin vacibliyindən ətraflı bəhs etdilər.
    Müşavirədə mövzunun əhəmiyyəti baxımından belə tədbirlərin mütamadi keçirilməsinin vacibliyi vurğulandı və yanğın təhlükəsizliyi qaydalarından bəhs edən videoçarx nümayiş etdirildi.
Keçidlər