“Uşaq İstirahət Parkı”nda bayram şənliyi keçirildi
Pirallahı rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2015-ci il münasibətilə keçiriləcək tədbirlərlə bağlı artıq bir müddətdir ki geniş hazırlıq işləri görülür. Bu münasibətlə işçi qrupu yaradılmış, tədbirlər planı hazırlanmış və hər iki sənəd Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Tədbirlər planının icra edilməsi məqsədilə rayonun idarə və müəssisələrində hərtərəfli hazırlıq işləri reallaşdırılmış, RİH tərəfindən bayram ərəfəsində körpələr evi-uşaq bağçalarının yetirmələrinə, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə paylanması nəzərdə tutulan ümumilikdə 500-dən çox Yeni il hədiyyəsi hazırlanmışdır. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin ərazisində əsas küçələr və parklar bayramsayağı bəzədilmiş, Pirallahının “Uşaq İstirahət Parkı”nda rayonun baş yolkası qurulmuşdur.
Dekabrın 24-də ilk olaraq Yeni il şənliklərinə körpələr evi-uşaq bağçalarında start verildi. “Çobanyastığı”, “Cırtdan”, “Bulaq”, “Qağayı”, eləcə də Çilov qəsəbəsindəki körpələr evi-uşaq bağçasının kiçik yaş qruplarında bayram tədbirləri keçirildi. Tədbirlərdə iştirak edən Pirallahı RİH Aparatının məsul əməkdaşları körpələrə rayon rəhbərliyinin bayram təbriklərini yetirdilər və Yeni il hədiyyələrini təqdim etdilər. Sonrakı gün bayram tədbirləri körpələr evi-uşaq bağçalarının orta və yuxarı yaş qruplarında davam etdirildi. Dekabrın 29-da Yeni il şənlikləri Çilovdakı 131 №-li və Gürgəndəki 231 №-li orta məktəblərdə, Pirallahı qəsəbəsindəki 168, 186, 235 və 243 №-li tam orta məktəblərdə və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, digər idarə və müəssisələrdə keçirililəcəkdir.
Dekabrın 27-də isə ümumrayon bayram şənliyi “Uşaq İstirahət Parkı”nda təşkil olundu. Tədbir saat 12.00-da başlandı. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2015-ci il münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından ürəkdən təbrik etdi, hər kəsə can sağlığı və bol-bol yeni il sevincləri arzuladı. Yola saldığımız 2014-cü ilin Azərbaycan tarixində bir sıra ümumxalq əhəmiyyətli hadisələrlə əlamətdar olduğunu, o cümlədən 2014-cü ilin Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi daxil olduğunu, iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun daha da gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, 2014-cü ildə də sosialyönümlü siyasət həyata keçirildiyini, ümumilikdə 2014-cü ildə Azərbaycanın müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu möhkəmləndirdiyini, artıq 10 ildir ki, Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasında olduğunu, bu il Azərbaycanın dövlət büdcəsinin təxminən 25 milyard dollar səviyyəsində olduğunu və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil etdiyini, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illiyinin tamam olduğunu, Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini, demokratik, səfffaf və beynəlxalq standartlara uyğun bələdiyyə seçkilərinin keçirildiyini qeyd edən V.Səfixanov Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə də, ondan sonrakı illərdə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi.
Daha sonra yolkanın ətrafına rayonun kiçik yaşlı sakinləri dəvət edildi. Tanınmış illüzionist Tofiq İskəndərlinin çıxışları böyük maraqla qarşılandı. Körpə fidanlar yolka ətrafında dövrə vurdular, rəqs etdilər, mahnı oxuyub şeir söylədilər. Tapmacalara doğru cavab verənlər hədiyyələrlə mükafatlandırıldılar. Bayram şənliyi Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının, rayon məktəblilərinin iştirakı ilə axşam saatlarınadək davam etdi. Pirallahı rayonunda Yeni il şənliklərinin sonrakı günlərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.