Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadi potensialımızı insan kapitalına çevirməliyik

07 yanvar 2015 | 11:00
    Son illər ölkəmizdə aparılan islahatlar və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində respublikamızda bütün sahələrdə yüksək inkişaf müşahidə olunur, əhalinin maddi rifahı xeyli yaxşılaşmışdır, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur.
     Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq böyüməkdə olan nəslə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının sözləri ilə desək: “…İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı möhkəmlənir”. Məhz bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilmişdir, əsaslı təmir olunmuşdur. Məktəblərin maddi-texniki bazası gücləndirilmişdir.
     Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə Azərbaycanda 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəb binası tikilib istifadəyə verilmiş, əsaslı təmir edilmiş və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Qeyd edək ki, Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd - 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edəcəkdir. Digər, 100 yerlik uşaq bağçası isə Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da iki mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur.
     Ölkəmizin hər yerində olduğu kimi, yeni yaradılmış Pirallahı rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilməkdədir. Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hər biri əsaslı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub.  2011-ci ildə 186 və 231 №-li tam orta məktəblər, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə  başlanılmışdır və 2014-2015-ci tədris ilinin əvvəlində həmin məktəb istifadəyə verilmişdir. Hazırda bu təhsil ocağında mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalından ibarət yeni korpusun inşası davam etdirilir.
     “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Pirallahı qəsəbəsində 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması nəzərdə tutulub.
Keçidlər