Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ilk inzibati binanın açılışı olmuşdur

14 yanvar 2015 | 11:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli qərarı ilə Pirallahı rayonunun yaradılması dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının təmin  edilməsi, sakinlərin sosial-rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Rayon yarandığı gündən burada quruculuq-abadlıq işləri üstünlük təşkil edir desək, əlbəttə ki, yanılmarıq. Pirallahı sakinləri həyata keçirilən Dövlət Proqramlarını və inkişaf layihələrini çox gözəl əhval-ruhiyyə ilə qarşılayırlar.
  Rayon mərkəzi olan Pirallahı qəsəbəsinin Baş planı artıq hazırlanıb başa çatmışdır. Hazırda proses aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir və bundan sonra görülən işlər Baş plana uyğun həyata keçiriləcəkdir. Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Baş planda nəzərdə tutulmuş İnzibati Mərkəzdə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Eyni zamanda burada müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin  inzibati binalarının inşa edilməsi məqsədilə ayrılmış müvafiq sahələrdə tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir.
  Sevindirici haldır ki, Pirallahı qəsəbəsinin İnzibati Mərkəzində artıq ilk binanın inşası başa çatmışdır. Tikintisinə 2013-cü ilin iyul ayında başlanılmış Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binası 14 yanvar 2015 il tarixində istifadəyə verilmişdir. Açılış mərasimində Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, DİN Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, Pirallahı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyət iştirak etdilər. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov açılış mərasimində Pirallahı Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə səmimi görüşüb söhbət etdilər, daha sonra isə yeni inzibati binanın otaqlarını gəzərək burada yaradılan şəraitlə tanış oldular.
   Qeyd edək ki, inzibati binanın tikinti alti sahəsi 620 m2-dir. Pirallahı Rayon Polis Şöbəsinin şəxsi heyətinin səmərəli fəaliyyət göstərməsi məqsədilə binada hər cür şərait yaradılmışdır. Bütün xidməti otaqlarda havalandırma, elektrik, rabitə sistemləri quraşdırılıb, geniş akt zalı, xidməti vasitələrin saxlanıldığı otaq bütün tələblərə cavab verir, fasadda gecə işıqlandırılması qurğusu, ərazidə istilik qazanxanası, transformator və digər mühəndis qurğuları vardır. Ərazisi 0,7 ha təşkil edən bina ətrafı sahə tam abadlaşdırılmışdır.
  Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şöbənin kollektivini inzibati binanın açılışı münasibətilə təbrik etmiş, onlara şərəfli və eyni zamanda məsuliyyətli işlərində uğurlar arzulamışdır.
Keçidlər