Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 20 yanvar faciəsinin qurbanları anıldı

20 yanvar 2015 | 11:00
   1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ötən illərdə olduğu kimi, bu il də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi beşinci ildönümü Pirallahı rayonunda geniş qeyd edilmişdir. Bu məqsədlə hələ 2014-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş və 2015-ci il yanvarın 10-dan onun icrasına başlanmışdır. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi qəsəbə kitabxanasında, 29 N-li Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, video-çarxlar nümayiş olunmuşdur. 20 Yanvar faciəsi zamanı xəsarət alanların sayı dəqiqləşdirilmiş, rayonun şəhid ailələri, Qarabağ əlilləri və 20 Yanvar faciəsi zamanı xəsarət almış əlillər, məcburi köçkünlər və aztəminatlı ailələr humanitar yardımla təmin olunmuşlar. 
   Yanvarın 20-də Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksin önündə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Anım mərasimi keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Aparatın məsul əməkdaşları, Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, 20 Yanvar əlilləri və şəhid ailələri, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Saat 12.00-da “Vətən uğrunda” abidə-kompleksin önünə toplaşan tədbir iştirakçıları Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbir iştirakçılarına müraciət edən Vasif İmanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vasif İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədilə “Zərbə” kod adı altında dəhşətli terror aktı törətdiyini vurğuladı.
   20 yanvar hadisələri barədə geniş bəhs edən V.İmanov xüsusi vurğuladı ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan ulu öndər Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də onu gözləyən bütün təhlükələrə baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.
   Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında Qara Yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdir.
   V.İmanov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.
   1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında fərmanı yada salan İcra Hakimiyyəti Başçısı bir daha qeyd etdi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.
    Anım tədbirində çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladı. Bildirdi ki, milli azadlıq naminə, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini, mənfur erməni xislətinin iç üzünü bütün dünyaya bir daha nümayiş etdirdi.
   20 yanvar əlili Gülağa Əliyev şəhid ailələrinə, 20 yanvar və Qarabağ əlillərinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, eyni zamanda Vasif İmanov başda olmaqla Pirallahı rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə etdi, azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladı.
   Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və fəxri qonaqlar abidə-kompleksin önünə əklil və al qərənfillər düzdülər. Daha sonra tədbir Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində davam etdirildi. Qonaqlar foyedə sərgilənən 29 N-li Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin 20 yanvar faciəsinə həsr olunmuş rəsm işlərini maraqla seyr etdilər. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyor truppasının ifasında “Yanvarın 20-ci günü” tamaşası da böyük maraqla qarşılandı. Anım tədbirinə o müdhiş gecənin insan qanını donduran səhnələrini əks etdirən video-çarxın nümayişi ilə yekun vuruldu.
Keçidlər