Pirallahıda səyyar qəbullar davam etdirilir
18 yanvar 2023 | 18:16
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 18 yanvar 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra rayon rəhbəri bildirdi ki, XX əsrin ən böyük cinayətlərindən biri olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin 33-cü ildönümünü ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş qeyd edilir. Natiq vurğuladı ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Diqqətə çatdırıldı ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks etdirən bir oyanış günüdür.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Bildirildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Həmçinin bildirildi ki, Şuşa-Xankəndi yolunda davam edən aksiyalar Azərbaycanın əyilməz ruhunun, dəmir iradəsinin və cəsarətinin təntənəsidir. Hər bir Azərbaycan vətəndaşı milli maraqlarının, təbii sərvətlərinin keşiyində duran aksiya iştirakçıları ilə fəxr edir, qürur duyur. Bu yolda nə qədər lazımdırsa səbir nümayiş olunacaq və aksiya davam edəcəkdir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, fərdi evin sənədləşdirilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.