Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yeni seçilmiş bələdiyyələr fəaliyyətə başladı

29 yanvar 2015 | 11:00
    Azərbaycan Respublikasında Yerli Özünüidarəetmə orqanlarının - Bələdiyyələrin yaranması ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının dördünçü bölməsi Yerli özünüidarəetməyə - Bələdiyyələrə həsr olunaraq, özünün hüquqi statusunu almışdır. 1999-cu il 12 dekabrda Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirilmişdir.
    Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının 12 yanvar 2015-ci il tarixli qərarına əsasən 2014-cü ilin dekabr ayının 23-də keçirilən seçkilərdə Pirallahı rayonunun Pirallahı, Gürgən və Çilov-Neft Daşları bələdiyyələrinə ümumilikdə 31 nəfər bələdiyyə üzvü seçilmişdir.
    27 yanvar 2015-ci il tarixdə Pirallahı və Gürgən bələdiyyələrinin birinci iclası keçirildi. İclasda  Pirallahı bələdiyyəsinə seçilmiş 13 bələdiyyə üzvündən 13-ü də iştirak etmişdir. Gürgən bələdiyyəsində də 9 bələdiyyə üzvü tam heyətlə iclasda iştirak etmişdir. Gündəlikdə duran məsələlər hər iki iclasda eyni idi: Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, bələdiyyə sədrinin və bələdiyyə sədrinin müavinlərinin seçilməsi, bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş tərkibə təhvil-təslim edilməsi üçün komissiyalarının yaradılması.
     Pirallahı bələdiyyəsində səsvermə yolu ilə Elxan Zülfüqarov sədr, Əliyulla Əliyev və Oruc Hüseynov onun müavinləri seçildilər. Gürgən bələdiyyəsində səsvermədən sonra Heydər Vəliyev bələdiyyə sədri, Elnur Məcidov isə onun müavini vəzifəsini tutmuşlar.
29 yanvar 2015-ci il tarixində Çilov-Neft Daşları bələdiyyəsinin 9 üzvünün iştirakı ilə birinci iclası baş tutmuşdur. İclasda  gündəlikdə duran məsələlər üzrə səsvermə keçirilmiş, Mahmud Məmmədov sədr, Amil Məmmədov onun müavini seçilmişdir.
     Qeyd edək ki, 13 saylı seçki dairəsi üzrə Pirallahı rayonundan 10767 nəfər səs vermə hüququna malikdir. Pirallahı rayonunda 3 bələdiyyə üzrə 11 məntəqədə keçirilmiş seçkilərdə YAP Pirallahı rayon təşkilatı tərəfindən 31 namizəd, digər partiyalardan 7 namizəd seçkilərdə iştirak etmişdilər, qalan namizədlər birtərəf kimi seçkilərə goşulmuşdular. Ümumilikdə isə Pirallahı rayonu üzrə 89 namizəd seçkilərə qatılmışdır.
    Xatırladaq ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrinin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə əhalisinin sayı 1 mindən 5 minədək olan bələdiyyə ərazisindən 9 bələdiyyə üzvü, əhalisinin sayı 10 minlə 20 min arasında olan bələdiyyə ərazisindən 13 bələdiyyə üzvü seçilir. Bu səbəbdən Pirallahı bələdiyyəsində 13, Gürgən və Çilov-Neft Daşları bələdiyyələrdə isə 9 nəfər bələdiyyə üzvü seçilmişdir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
Keçidlər