Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda əhalinin tibbi müayinəsi uğurla gerçəkləşir

17 fevral 2015 | 11:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   tapşırığına əsasən bu ilin  fevral ayının 2-dən Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə start verilib.
      Pirallahı Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb.
      Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 3 tibb müəssisəsi tərəfindən həyata keçirilir. Müayinələr Pirallahı qəsəbəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında,  eləcə də Çilov adasındakı 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində aparılır.
      Pirallahı Rayon İcra Hakimiyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, bu humanist aksiya bir daha göstərir ki, neft kapitalının insan kapitalına çevrilməsini prioritet istiqamət elan etmiş dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yüksəldilməsi, sağlamlığının qorunması dayanır.
      10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, idarə və müəssisələrdə çalışan insanlar, işləməyən rayon sakinləri, məktəblilər qrafikə uyğun müayinədən keçirlər. Xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. 15 fevral tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 19889 nəfər əhalisindən 1423 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 664 nəfər ambulator müalicəyə qəbul olunmuşdur, 19 nəfər stasionara yerləşdirilmişlər, 11 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
      Ölkə rəhbərinin bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri xəstəxana heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər. Xəstəxanada görüşdüyümüz Səməd Əhmədov, Sevda Alxasova, Fuad Cəfərov və digərləri müayinə olunduqdan sonra ölkə vətəndaşlarının sağlamlığı qayğısına yüksək səviyyədə diqqətə görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlıqlarını bildirmişlər.
     Xatırladaq ki, əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcək.

Keçidlər