Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun orijinal simvolu inşa edilib

19 fevral 2015 | 11:00
    Pirallahı rayonunda son bir il ərzində həyata keçirilən geniş quruculuq və abadlıq işləri ilə yanaşı, ekoloji tədbirlərin icrasına xüsusi önəm verilir. Belə ki, rayon ərazisində üzün illərdən bəri baxımsız və antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri, o cümlədən dənizkənarı ərazilər, yaşayış məhəllələri  tam şəkildə abadlaşdırılır, çirkab mənbəyi olan göllər qurudulur, geniş yaşıllıq  zolaqları salınır.
     Pirallahı rayonunun girişinin sol hissəsində orijinal layihə əsasında, möhtəşəmliyi və əzəməti ilə seçilən rayonun simvolu inşa edilmişdir. Ümumi çəkisi 19 tondan çox olan paslanmaz metal konstruksiya ilə iki ay ərzində işlənib hazırlanmış bu simvolun dayaq hissəsi 75 kub həcmində dəmir – beton özüldən ibarətdir. Simvolun üzərində gəmi atributları – qayıq, dor dirəyi, yelkən, xilasedici halqa və digər elementlər quraşdırılmışdır. Burada həmçinin müxtəlif şəbəkə elementləri işlənmişdir. Simvol iki hissədən ibarətdir. Yuxarı hissə həm “P” hərfinə, həm də yelkənə bənzəyir, aşağı hissəsi isə qayıq formasındadır. Simvolun ümumi sahəsi 45 kvadrat metr, hündürlüyü isə 16 metr təşkil edir. Qayıq hissəsi isə 4 metr enində, 11 metr uzunluğundadır. Monumentin üzərində səkkiz guşəli ulduz, ulduzun içərisində isə simvolik olaraq ərəbcə “ALLAH” sözünü əks etdirən məşəl yerləşir. Abidənin gecə işıqlandırılması üçün üzərində 12, ətrafında isə 36 ədəd müasir və yüksək keyfiyyətli işıq və lent elementlərindən istifadə olunub ki, bu da  ona xüsusi gözəllik verir, möhtəşəm gecə görüntüsü yaradır.
   Simvolun qarşısında yüksək zövqlə 3 növdə - qaya, çay və bəzək daşları ilə işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş 8 x 6 metr ölçüdə Azərbaycanın xəritəsi əks olunub.
     Abidə olduqca unikaldır və Pirallahı rayonun mənzərəsinə məxsüsisi gözəllik qatdığı şübhəsizdir.
     Qeyd edək ki, simvolun ətrafında 12 min kvadrat metr sahəyə qazon örtüyü salınmış, ərazidə 1000-ə yaxın leylandra, eldar şamı, zeytun, kiparis ağacı və müxtəlif dekorativ bəzək kolları əkilmişdir.
Keçidlər