Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı - Qan yaddaşımız

25 fevral 2015 | 11:00

Pirallahıda soyqırımın 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

     Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrində, idarə və təşkilatlarda Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. 25 fevral 2015-ci il tarixdə “Xocalı - Qan yaddaşımız” başlığı altında təşkil olunan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Milli Qəhrəman Vahid Quliyev, rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri, RİH Aparatının və Dövlətqaçqınkomun Pirallahı sektorunun məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və müəssisələrin, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı  və  Gürgən qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər.
     Tədbirdən əvvəl Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, fəxri qonaqlar və tədbir iştirakçıları “Vətən uğrunda” abidə-kompleksinin önünə əklil və al qərənfillər düzdülər. Daha sonra tədbir 168 №-li tam orta məktəbin akt zalında davam etdirildi. Burada iştirakçılar Xocalı soyqırımına həsr edilən sərgi və foto-stendlə tanış oldular, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin soyqırımla bağlı pannolarından və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə böyük maraqla tamaşa etdilər.
   Tədbir 23 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Xocalı soyqırımını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin böyük bir dövrünü gözlərimiz önünə gətirdikdə xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünür, - deyən V.Səfixanov bildirdi ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-faşistlərinin və terrorçularının davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. 1905-1907-ci illərdə 300-dən çox Azərbaycan kəndinin dağıdılmasını, 100 minə qədər soydaşımızın vəhşicəsinə öldürülməsini, I Dünya müharibəsi illərində Azərbaycanın cənubunda 150 min, tarixən azəri türklərinin yaşadıqları Şərqi Anadoluda 200 min soydaşımızın erməni qaniçənlərinin qurbanı olmasını, 1918-ci ilin Novruz bayramı günlərindən azərbaycanlıların qətliamının başlandığını və 700 min nəfərin soyqırıma məruz qaldığını, 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər 48 min  azərbaycanlının qətlə yetirildiyini, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 100 mindən artıq soydaşımızın zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülməsini, XX əsrin sonlarında Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırım, terror və təcavüzə məruz qoyub didərgin salınmasını, eləcə də Ermənistandan son 250 min azərbaycanlının tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilməsini yada salan Vəzir Səfixanov SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən, sonradan isə Rusiya və bəzi Qərb dövlətləri tərəfindən himayə edilən Ermənistanın mono-etnik dövlət yaratmağa, Azərbaycan torpaqlarının 20%-ni işğal etməyə nail olduğunu vurğulamışdır.
  Bildirilmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları, canilər və terrorçular bu gün də cəzasızlıq şəraitində öz mənfur əməllərini davam etdirirlər. Bu gün münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə 10 il, nə də 100 il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqının imkan verməyəcəyini bildirmişdir, - deyən V.Səfixanov çıxışına yekun vurmuşdur.
     Milli Qəhrəman Vahid Quliyev, Xocalı faciəsinin canlı şahidi Yusif Süleymanov və digər çıxış edən tədbir iştirakçıları bu tarixin hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin tərkib hissəsi kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini vurğuladılar.
     Pirallahı rayonu orta məktəbləri şagirdlərinin və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
     Tədbirin sonunda rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə və şəhid ailələrinə maddi yardım paylandı.
Keçidlər