Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

27 fevral 2015 | 11:00
   Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.    
   Fevralın 27-də Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir Pirallahı rayonunda keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər.
    Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cəlil Mirzəyev giriş sözü ilə çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. C.Mirzəyev fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı. Bildirildi ki, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir və Plan əsasında vaxtaşırı tədbirlər aparılır. Bundan əlavə rayon ərazisində hər hansı texnogen qəza və təbii fəlakət baş verən zaman əhali və işçilərin təhlükəsizliyinin təmin olunması, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədi ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun sərəncamına əsasən rayon ərazisində fövqəladə hallar zamanı fəaliyyət göstərmək üçün 9 mülki müdafiə qrupu yaradılmışdır. Hər bir xidmət və dəstənin fövqəladə hallar zamanı qarşısında duran funksional vəzifələri mövcuddur.
    Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Cəsarət Kərimov, “Abşeronneft” NQÇİ-in rəis müavini Rahib Abıyev və digər çıxış edənlər maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdilər.
  Çıxışlardan sonra tədbirdə iştirak edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyələrinə, maddi-texniki bazalarına baxış keçirildi, müvafiq tövsiyə və tapşırıqlar verildi.
Keçidlər