Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi təsis olundu

28 fevral 2015 | 11:00
   Fevralın 28-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak etdilər.
  Konfransı giriş sözü ilə açıq elan edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirdi ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. M.Manafov bu gün həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı: «Dövlət Başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir. Fikrimcə, YAP-in keçirdiyi yay və qış məktəbləri, həmçinin, müşavirə və seminarlar bu siyasətin daha yüksək nəticələr verməsinə imkan yaradır. Bu tədbirlər gənclərin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin edir».
   Tədbirdə çıxış edən Pirallahı gənclərinin təmsilçiləri, o cümlədən Pirallahı bələdiyyəsinin işçisi Aytən Əliyeva, YAP Pirallahı rayon təşkilatının təlimatçısı Cavid Babayev və başqaları Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışdılar. Çıxışlarda ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığı, həmçinin, YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı olduğu vurğulandı.
  Daha sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından Konfransa seçilmiş nümayəndələr Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs verdilər. Nümayəndələr, həmçinin, ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin 11 nəfərdən ibarət tərkibini, sədrini və onun müavinlərini seçdilər. Orxan Babayev Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçildi.
   Yeni seçilmiş YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, yeni fəaliyyət sahəsində uğurlar arzulayan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ölkəmizin bir çox problemlərinin, o cümlədən gənclərin problemlərinin öz həllini tapması ilə nəticələndi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident cənab İlham Əliyevin davam etdirdiyi dövlət gənclər siyasəti nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerini tutmuş, Azərbaycanın işıqlı gələcəyinin qurucularına çevrilmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi dövlət siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirmişdir.
   “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov vurğuladılar ki, Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, o cümlədən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyətlər qoyur.  YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən natiqlər onların hər birinə bu məsuliyyətli fəaliyyət sahəsində uğurlar arzuladılar.
Keçidlər