Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənir

29 mart 2015 | 11:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı rayonunda qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, sahilbərkitmə işlərinin aparılması, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri öz əksini tapmışdır. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması işləri davam edəcəkdir.
   Pirallahı rayonunda son bir ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Hazırda Pirallahı qəsəbəsində qaz təsərrüfatının yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir. Pirallahı qəsəbəsində əvvəlcə  K.Rzayev, S.Vurğun, Əzizbəyov küçələrinin magistral yola baxan hissəsində qaz təchizatının və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənir. Köhnə xətlərin 150 mm, 100 mm və 75 mm diametrli polietilen borularla əvəzlənməsi əvvəlcədən tərtib edilən plan əsasında aparılır.
     Layihəyə əsasən, ilkin mərhələdə uzunluğu 800 metr olan qaz xətləri yenilənir. Qeyd edək ki,   gələcəkdə bu işlər daha geniş ərazini əhatə edəcək və qəsəbədə bütün qaz xətlərinin əvəzlənməsi nəzərdə tutulub.   
     “Azərsu” ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
    Pirallahı qəsəbəsində istismar müddətini başa vurmuş gecə işıq dirəkləri və kabellər tamamilə yeniləri ilə əvəzlənir. Rayonun bütün ərazisində yeni istilik xətlərinin çəkilməsi nəzərdə tutulub. Pirallahı qəsəbəsində 4 ədəd qazanxana tamamilə yenidən qurulmuş, inzibati və yaşayış binalarına yeni istilik xətləri çəkilmiş, məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri tam bərpa edilmişdir.
  Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni transformatorların quraşdırılması, kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. Qeyd edək ki, 2 km məsafədə 6 və 35 kilovoltluq hava elektrik ötürücü xətlərinin kabel xətləri ilə əvəz olunması və 110/35/6 kilovoltluq yarımstansiyanın yenidən qurulması işlərinə başlanmışdır.
Keçidlər