Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir

03 aprel 2015 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının icrası  paytaxtımızın bütün rayonları kimi, Pirallahı rayonununda da sürətli inkişafına təkan vermişdir.
   168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun üçüncü mərtəbəsində betonlama başa çatdırılmış, dam örtüyünün vurulması və mala işlərinə başlanmışdır.
  Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası davam edir. Hal-hazırda inzibati binanın dam örtüyü vurulur. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadrat metr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında ikinci mərtəbədə betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən, ümumi sahəsi  3000 kvadrat metr təşkil edən yeni inzibati binanın birinci mərtəbəsinin inşası aparılır. 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulur. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin də əsaslı təmirinə start verilmişdir.
    Rayonda son il yarımda mütəmadi olaraq genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanımızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da bu sahədə silsilə tədbirlər həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir. Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur.  Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteyneri quraşdırılmışdır.
   İDEA İctimai Birliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ötən ilin sentyabr ayından rayonda başlayan ağacəkmə kampaniyası mart ayının əvvəlindən yenidən davam etdirilmişdir. Həftəsonu yüzlərlə adamın iştirak etdiyi iməciliklər zamanı mart ayında Qala-Pirallahı magistral yolunun kənarlarında və qəsəbə ərazisində ümumilikdə 7 min 500-dən çox ağac əkilmiş, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilmişdir. Yarandığı gündən indiyədək Pirallahı rayonu ərazisində 100 mindən çox ağac və 20 mindən çox mövsümi gül kolları əkilmişdir. Bitkilərə aqrotexniki qulluq göstərilir.
    Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri davam edir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Artıq bu məhəllədə üç bina – 11, 13 və 9 nömrəli binalar müasir işıqlandırma sisteminə qoşularaq istifadəyə verilib. Hal-hazırda 15 nömrəli beşmərtəbə binanın və 10 nömrəli dörd mərtəbə binanın təmiri aparılır. Həmin proses 28-ci məhəllədə də davam etdirilir. Burada 10, 4 və 2 nömrəli binalar əsaslı şəkildə təmir olunur. Qeyd edək ki, artıq 11 binanın fasad yenilənməsi başa çatdırılmışdır.
   Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
  Pirallahı qəsəbəsində  K.Rzayev, S.Vurğun, Əzizbəyov küçələrinin magistral yola baxan hissəsində qaz təchizatının və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənmə prosesi davam etdirilir.
   K.Rzayev küçəsindəki 14 nömrəli bina əsaslı təmirdən sonra müasir işıqlandırma sisteminə qoşulmuşdur və burada son tamamlama işləri aparılır. K.Rzayev küçəsindəki 24 və 40-cı məhəllədə yerləşən 1Q nömrəli binalar da əsaslı təmir olunur.
   “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, o cümlədən 35 KV-luq yerüstü ötürücü xətlər yeraltı kabel xətləri ilə əvəz edilir. Qeyd edək ki,  YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
Keçidlər