Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda tibbi müayinə uğurla davam etdirilir

06 aprel 2015 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da uğurla icra olunur.
   Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və rayon sakinləri müayinə prosesinə cəlb olunurlar. Qrafik əsasında 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının,  eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin  tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Qeyd edək ki, xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
   10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, 06 aprel tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 19889 nəfər əhalisindən 7500 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 3203 nəfər ambulator müalicəyə qəbul olunmuşdur, 126 nəfər stasionara yerləşdirilmişlər, 41 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
   Pirallahı qəsəbə sakini Elçin Məmmədov, Çilov qəsəbə sakini Vüsal Kərimov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu humanist aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
   Xatırladaq ki, əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcək.
Keçidlər