Şriftin ölçüsü :

Saytın rəngi :

Məqsəd Pirallahını paytaxtımızın ən qabaqcıl rayonlarından birinə çevirməkdir

17 aprel 2015 | 10:00
Hesabat yığıncağında 2015-ci ilin birinci rübündə rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş bəhs olundu
 
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin ilk rübündə qazanılan uğurlar 17 aprel tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı RİH Başçısı Vasif  İmanov açaraq aprelin 10-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini və həmin iclasda möhtərəm Prezidentin 2015-ci ilin ilk 3 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişafını çox müsbət dəyərləndirdiyini, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsini müsbət qiymətləndirdiyini bildirdi. Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda görülən işləri, həyata keçirilən layihələri və qarşıda duran vəzifələri əks etdirən hesabat məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış etdi. 
  İlk olaraq Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı”nın yaradılması məqsədilə sənədləşmə işlərinin görüldüyünü, inşaat pasportu və dövlət reyestrindən çıxarışın, digər zəruri sənədlərin alındığını nəzərə çatdıraraq bildirdi ki, hazırda Texnoparkın tikiləcəyi ərazidə abadlıq və tikintiyə hazırlıq, eləcə də ərazinin hasara alınması işləri görülür.
  Daha sonra tikintisi və əsaslı təmiri başa çatdırılmış və davam edən işlərdən söz açılmış, qeyd edilmişdir ki, Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlər artıq başa çatdırılmış, 23 fevral 2015-ci il tarixində Pirallahı RİH-in təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Baş planın son müzakirəsi aparılmış və bundan sonra görülən işlərin Baş plana uyğun həyata keçirilməsi qərara alınmışdır. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi davam etdirilir. Hazırda burada üst aşırımların qurulması prosesi gedir. “Azərsu” ASC tərəfindən Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işləri aparılır və bu prosesin 2015-ci il ərzində başa çatdırılması nəzərdə tutulur.
  Pirallahı qəsəbəsində köhnə qaz xətləri ləğv olunaraq, təzə qaz xətləri çəkilir, istismar müddətini başa vurmuş gecə işıq dirəkləri və kabellər tamamilə yeniləri ilə əvəzlənir. K.Rzayev, S.Vurğun, Əzizbəyov küçələrinin qaz təchizatının təkmilləşdirilməsi və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənir. Köhnə xətlərin 150, 100 və 75 mm diametrli polietilen borularla əvəzlənməsi işləri əvvəlcədən tərtib edilən plan əsasında aparılır. Layihəyə əsasən, ilkin mərhələdə uzunluğu 800 metr olan qaz xətləri yenilənir.
  Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni transformatorların quraşdırılması, kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. S.Vurğun küçəsində “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası tikilib istismara verilmişdir. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin də əsaslı təmirinə başlanılmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma və sazlama işləri başa çatdırılmış, ümumi şəbəkəyə tam qoşulma üçün işlər davam etdirilir. Yeni avadanlıqların quraşdırılması məqsədilə əlavə olaraq  Agentliyə 5 ha torpaq sahəsinin ayrılması istiqamətində işlər aparılır. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq  Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmış, hal-hazırda binanın daxilində avadanlıqların quraşdırılması işləri görülür.Gələcəkdə kombinatda 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Adanın şimal hissəsində “Abşeronneft” NQÇİ-nin yeni Rezervuarlar Parkının tikintisi davam etdirilir. Burada ümumi tutumu 30 min m3 olan 24 ədəd müxtəlif tutumlu rezervuarın tikintisi nəzərdə tutulmuşdur. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir.
  Sosial infrastruktur layihələrinin rayonda uğurla icra olunduğunu vurğulayan V.İmanov rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 140 və 100 yerlik 2 ədəd körpələr evi-uşaq bağçasının inşaat işlərinin davam etdirildiyini, artıq 140 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin başa çatdırılaraq dam örtüyünün vurulduğunu bildirdi. 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi davam etdirilir, artıq üçüncü mərtəbədə betonlama başa çatdırılmış, dam örtüyünün vurulması və mala işlərinə başlanmışdır.
  Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı RİH-in inzibati binasında hazırda dam örtüyü vurulur. Heydər Əliyev Mərkəzinin binasının ikinci mərtəbəsində işlər davam etdirilir. YAP Pirallahı rayon təşkilatının inzibati binasının inşası da davam etdirilir. Yanvarın 14-də Pirallahı rayonunda ilk inzibati binanın, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir. 
  Rayon mərkəzində əsas yol boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri, bir sıra küçələrin abadlaşdırılması davam edir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Mərkəzi küçələrin təmizlənərək səliqəyə salınması işi mütəmadi aparılmış, magistral yolda cari asfalt döşəmə işləri görülmüş, yol kənarındakı hündür ağaclar budanaraq estetik cəhətdən yaraşıqlı vəziyyətə gətirilmişdir.
  İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il  fevralın 2-dən Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə start verilib. Birinci rüb ərzində artıq 6 821 nəfər tibbi müayinədən keçmişdir ki, bu da 18 yaşdan yuxarı əhalinin 47,92%-ni təşkil edir. Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davamlı xarakter daşımış, idarə və müəssisələrin iştirakı ilə mütəmadi iməciliklər keçirilmişdir. 27 mart 2015-ci il tarixində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı RİH-in təşkilatçılığı ilə rayonda növbəti iməcilik keçirilib. Təxminən 500 nəfərin iştirak etdiyi iməcilik zamanı müəyyən edilmiş ərazilərdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 2000-dən artıq  şam və digər növ həmişəyaşıl ağaclar əkilib. Təzə əkilən ağaclar suvarılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilib, ağacları damcı üsulu ilə suvarmaq məqsədilə əraziyə 7000 metr uzunluğunda əsas su kəməri və 17000 metr köməkçi su xəttləri çəkilib. Bütövlükdə I rüb ərzində həftəsonu keçirilən iməciliklər zamanı rayonda 16 mindən çox Eldar şamı və digər dekorativ bəzək ağacları və kolları əkilmişdir.
  Pirallahı rayonunun girişinin sol hissəsində inşa edilmiş rayonun simvolu üzərində iş başa çatdırılmışdır. İki hissədən ibarət olan simvolun yuxarı hissəsi “P” hərfinə və yelkənə bənzəyir, aşağı bölüm isə qayıq formasındadır. Sahəsi 40 m2, hündürlüyü 16 metr təşkil edən simvolun üzərində yerləşən səkkiz guşəli ulduzun içində məşəl əks olunmuşdur. Simvol gecə işıqlandırılması ilə təmin edilmişdir. Simvolun qarşısında daşlarla işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş 8x6 metr ölçüdə Azərbaycanın xəritəsinin ətrafında 12 min kvadrat metr sahəyə qazon örtüyü salınmış, ərazidə 1000-ə yaxın ağac və müxtəlif dekorativ bəzək kolları əkilmişdir. Ətraf ərazinin abadlaşdırılması, qazon və dekorativ gül-çiçək əkilməsi işləri yekunlaşmışdır.
   Turizmin inkişafı baxımından geniş imkanlara malik Pirallahı rayonunda yay mövsümünə hazırlıq işlərinə start verilmişdir. Rayon ərazisində müvəqqəti məskunlaşmış 244 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. 2015-ci ilin birinci rübü ərzində Pirallahı rayonunda Ağsaqqallar Şurası, Dini Məsələlər üzrə Komissiya, Yeni   Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi təsis edilmişdir. 
   Hesabat dövründə Pirallahı RİH, YAP Pirallahı rayon təşkilatı və  Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsinə start verilmişdir. Fevralın 21-də  Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelinin iştirakı ilə Pirallahı RİH-də rus icmasının nümayəndələri ilə görüş təşkil edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması məqsədilə Pirallahı RİH tərəfindən rayon ictimaiyyətinin nümayəndələri də daxil olmaqla xüsusi komissiya yaradılmış və nəzarət tədbirləri daha da gücləndirilmişdir.
  Təhsil Nazirliyi və AFFA-nın birgə təşkilatçılığı ilə gerçəkləşən “2005-2015-ci illərdə məktəblərdə futbolun inkişafı layihəsi” çərçivəsində Pirallahı rayon məktəbliləri arasında mini-futbol üzrə yarışın rayon turu müvəffəqiyyətlə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş stolüstü idman növləri üzrə yarışlar da yüksək səviyyədə təşkil edilmişdir.
   Hesabatın sonunda V.İmanov bildirmişdir ki, cənab İlham Əliyev tərəfindən ötən il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin  və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi mühüm bu və digər məsələlər əks olunub.
  Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, Pirallahı Sukanal İdarəsinin rəisi Əli Kərimov, Pirallahı rayon MKTB-nin rəisi Sahib Qurbanov, RİH-in baş məsləhətçisi Ramiz Verdiyev və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2015-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər.
  Yeni yaradılmış Pirallahı rayonunda 2015-ci ilin ilk üç ayı ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti dövrdə də qarşıda duran vəzifələri uğurla yerinə yetiriləcəklər, ili yüksək göstəricilərlə başa vuracaqlar. Prezident İlham Əliyev qeyd edir: “Əminəm ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır.” Bizim məqsədimiz isə Pirallahı rayonunu böyük zirvələrə çatan ölkənin ən cazibədar guşəsinə, Bakı şəhəri üzrə ən qabaqcıl rayonlardan birinə çevirməkdən ibarətdir.
Keçidlər