Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anıldı

28 aprel 2015 | 10:00
   Hər il aprel ayının 28-i ölkəmizdə Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayonunda yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında təşkil olunmuş xatirə tədbirində Pirallahı rayon İcra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH-in şöbə müdiri Cəlil Mirzəyev, 10 saylı BŞX-nın baş həkimin müavinləri Həsən Quliyev və Kəmalə Mustafayeva, rayon ictimaiyyətinin nümayəndələri, xəstəxana kollektivinin üzvləri iştirak etdilər.  Tədbiri açıq elan edən Vəzir Səfixanov bildirdi ki, dünya şöhrətli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də  Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Şahtaxtı kəndində anadan olmuşdur və biz bu gün görkəmli alimin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbirə toplaşmışıq. Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, möhtərəm Prezident cənab İlham Əliyevin anasıdır. Dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatı və elmi yaradıcılığından, Azərbaycan oftalmologiya elminə verdiyi töhfələrdən söhbət açan V.Səfixanov bildirdi ki, akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
   Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulayan Vəzir Səfixanov qeyd etdi ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
   Bundan başqa Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olan Akademik Zərifə Əliyeva ilk növbədə yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
   Daha sonra xitabət kürsüsünə yaxınlaşan Kəmalə Mustafayeva və başqaları öz çıxışlarında Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Qeyd olundu ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilmişdir, Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaqdır.
Keçidlər