Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərə “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda növbəti açıq dərs keçirildi

30 aprel 2015 | 10:00
   Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 11-ci sinifdə təhsil alan şagirdlərə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı silsilə məşğələlər davam etdirilir.
   2015-ci il aprel ayının 27-də keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin əməkdaşları, 186, 235 №-li məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
   Tədbirdə “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda Pirallahı rayon 235 №-li tam orta məktəbin tarix müəllimi Tatyana Komorovskaya çıxış edərək, Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında yeni dövrün əsasının qoyulduğunu qeyd etdi. Bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış yeni dövr XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Müqavilənin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli neft  strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. Diqqətə çatdırıldı ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının sükanı etibarlı əllərdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Azərbaycan son 11 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayıb.
  Qeyd edək ki, mayın 4-dək davam edəcək 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub.
Keçidlər