Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün möhtəşəm I Avropa Oyunlarının açılış mərasimidir

12 iyun 2015 | 10:00
   Bu gün möhtəşəm I Avropa Oyunlarının açılış mərasimidir.  Təkcə Avropanın deyil, planetin digər ölkələrinin də səbirsizliklə gözlədiyi ilk qitə Oyunları start nöqtəsinə çatdı.
   Bu gün Azərbaycanın paytaxtı - Bakıda  bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarına start veriləcək. 12-28 iyun tarixləri arasında keçiriləcək yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparılacaq. Medalların ön hissəsində Bakı-2015 loqotipi, arxa hissəsində isə Avropa Olimpiya komitəsinin emblemi və əmtəə nişanı təsvir edilib. Bütün medalların çəkisi 380 qramdır. Medalları oyunçulara Azərbaycanın qalib idmançıları təqdim edəcək. Həmçinin yarışlarda idmanın 12 növü üzrə 2016-ci ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Bununla Asiya, Amerika və Afrika kimi Avropa da qitə oyunlarına malik olacaqdır.
   Qeyd edək ki, açılış mərasimi rəmzi olaraq bu gün saat 20:15-də başlayacaq.
   Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyeklərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişlərdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə paytaxtımızda keçiriləcək birinci Avropa Oyunlarının keçirilməsinə məsul olan Təşkilat Komitəsi yaradıldı və həmin Komitəsinin sədri Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin edildi.
     “Bakı-2015” İlk Avropa oyunlara hazırlıq dövründə  paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində abadlıq-quruculuq işləri gedir.  Bu istiqamət üzrə Pirallahı rayonunda da görülən işlər xüsusi əhəmiyyət kəsb edir. “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar.
     Qala-Pirallahı magistral yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılıb. Bu ərazidə əkilən ağaclar və güllər, salınmış yaşıllıqlar ölkəmizdə ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunları ilə bağlı şəhərimizdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə Pirallahı sakinlərinin töhfəsi olacaq və paytaxtımıza  gələcək çoxsaylı idmançılar və qonaqların zövqünü oxşayacaq. Qeyd edək ki, rayonun bütün qəsəbələrində “Bakı 2015” İlk Avropa Oyunlarınına həsr olunmuş xüsusi plakatlar hazırlanıb, Pirallahı qəsəbəsinin girişində isə böyük panno quraşdırılıb. Rayonun abadlaşdırılması işləri mütəmadi şəkildə davam etdirilməkdədir.
  Şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir.
Keçidlər