Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunu təmsil edən Məmmədlilər ailəsi xüsusi diploma layiq görüldü

20 may 2015 | 10:00
   
   Şəmkir şəhərində təşkil olunmuş növbəti “Ailə Bayramı”nda
 
   BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il may ayının 15-də bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda “Beynəlxalq Ailə Günü” qeyd edilir. Bu münasibətlə Pirallahı rayonunda da silsilə tədbirlər keçirilmiş və yekun olaraq “Ailə Bayramı” təntənələrində iştirak etmək məqsədilə bir nümunəvi ailə seçilmişdir. Bu il 15 may tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şəmkir rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərində təşkil edilmiş “Ailə Bayram”ında Pirallahı rayonunu Məmmədlilər ailəsi təmsil etmişdir.
   Azərbaycanın müxtəlif rayonlarından gəlmiş 86 ailə “Ailə Bayram”ını keçirmək üçün Şəmkir şəhərindəki ulu öndər Heydər Əliyevin adını daşıyan möhtəşəm parka toplanmışdı. Bayram tədbirini açıq elan edən Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizdə ailələrin hərtərəfli inkişafına göstərilən qayğıdan danışdı, dövlət başçısı cənab İlham Əliyevin “Güclü ailə - güclü dövlətdir” kəlamını yada saldı. O həmçinin bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin gerçəkləşdirilməsi dövlətimizin ailə siyasətinin layiqincə həyata keçirilməsinin bariz göstəricisidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlət ailə siyasətinin formalaşmasının ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olmasını xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycanda 2 milyondan çox ailə qurulub və dövlətin əsasını məhz güclü və sağlam ailələr təşkil edir. “Xüsusilə qeyd olunmalı məsələlərdən biri isə odur ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunmuşdur”, - deyən Hicran xanım möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə həyata keçirilən iqtisadi və sosial tədbirlər sayəsində ailələrin rifah halının əhəmiyyətli dərəcədə yüksəldiyini qeyd etdi.
   “Ailə Bayramı” tədbirində qonaq qismində beynəlxalq təşkilatların nümayəndələri - BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi cənab Antonius Bernardus Broek, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Proqram Məsələləri üzrə mütəxəssisi xanım Leyla Fathi, Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Dragana Filipoviç, Türkiyə, Belarus, İndoneziya, Malayziya səfirliklərinin nümayəndələri iştirak ediblər. Hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayiş olunub, Şəmkir şəhər sakinləri İslam Quliyev və Şəbnəm Məmmədova cütlüyünün nikahı rəsmiləşdirilib. Bayramın maraqlı məqamları kimi 12 övladı olan çoxuşaqlı Abbasovlar ailəsi və 68 ildir ki birlikdə ömür sürən, eyni zamanda uzunömürlülər ailəsi kimi seçilən Bayramovlar ailəsi ilə tanışlığı qeyd etmək olar. Ənənə halını almış bayramda müxtəlif nominasiyalar üzrə 6 müsabiqə keçirildi, 7 guşə üzrə müzakirələr təşkil olundu.
   Tədbirdə müxtəlif nominasiyalar üzrə iştirak edən ailələrin sərgisi, bölgələrin mətbəxini əks etdirən milli xörəklər, qədimdən gələn müxtəlif peşə sahələrinə aid olan əl işlərinin hazırlanması, nümunəvi ailələrin diplom və fəxri fərmanlarının nümayişi də maraqla qarşılandı. Yarış şəklində baş tutan tədbirdə müxtəlif nominasiyaları təmsil edən ailələrdən bəziləri qalib elan olunub. Pirallahı rayonunu təmsil edən Məmmədlilər ailəsi bayram tədbirində fəal iştirakına görə xüsusi diplom və qiymətli hədiyyə ilə təltif olundu. Tədbir “Şəms” qrupunun və yaradıcı ailələrin iştirak etdiyi bayram konserti ilə günün sonunadək davam etdi.
Keçidlər