Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi

27 may 2015 | 10:00
   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Pirallahı rayonunda geniş abadlıq və quruculuq işləri aparılır. Eyni zamanda “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Pirallahı RİH Başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası uğurla davam edir.  28 May – Respublika Günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində IDEA İctimai Birliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyaları keçirilmiş,  son aylar ərzində 8000-dən çox müxtəlif ağac tingləri, Qala-Pirallahı magistral yolu boyunca yol kənarlarında salınmış yaşıllıq zonalarında xeyli miqdarda dekorativ gül kolları əkilmişdir və müvafiq yaşıllaşdırma işləri davam etdirilməkdədir.
   Mayın 27-də 168 №-li tam orta məktəbin akt zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirildi. Tədbirə qatılan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov və digər qonaqlar ilk öncə foyedə doğma Azərbaycana, Cümhuriyyət dövrünə və Respublika gününə həsr edilmiş əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış oldular. Azərbaycannın dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlil Mirzəyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, 2015-cü il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97 illiyi tamam olur. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”
   Rayon ictimaiyyəti və ziyalıları adından çıxış edən 168 №-li tam orta məktəbin tarix müəllimi Səkinə Sadıqova Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini vurğuladı.
   Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarında olduğunu qeyd etdi,  müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin ölkəmizin qarşısında böyük imkanlar açdığını, son 10 il ərzində vətənimizin dünya miqyasında sürətlə inkişaf edən ölkələr arasında öncül mövqelərdən birinə çıxdığını, bu uğurlu siyasətin nəticəsi olaraq gənc, müstəqil Azərbaycan dövlətinin həyatımızın digər sferaları ilə yanaşı ölkəmizdə idmanın inkişafı sahəsində də önəmli nailiyyətlərə imza atdığını, “Bakı-2015” İlk Avropa Oyunlarnın paytaxtımız Bakı şəhərində keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edilmiş qərarın Azərbaycanın böyük uğurlarının beynəlxalq miqyasda etirafının bariz nümunəsi olduğunu xüsusi vurğuladı, I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində keçirilməsi, bu Oyunların bir Avropa bayramına çevrilməsi, Avropa Oyunlarının standartlarının Bakıda qoyulması işinə Pirallahı rayonunun da öz töhfəsini verəcəyini bildirdi. 
   Sonra 28 May – Respublika Günü münasibətilə hazırlanmış bədii proqram yığıncaq iştirakçılarının diqqətinə təqdim edildi. Rayon məktəblilərinin və məktəbəqədər tərbiyə müəssisələrinin yetirmələrinin ifasında bədi kompozisiya və çıxışlar böyük maraqla qarşılandı.
Keçidlər