Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir
08 iyul 2022 | 17:46
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 8 iyul 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq qarşıda gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etdi, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət dilədi. Bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Məhz buna görə Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Qeyd edildi, iyulun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində “Tarixi zəfərdən yenidənqurma və böyük qayıdışa doğru” mövzusunda tədbir təşkil olundu. Tədbirdə Milli Məclisin üzvləri Rauf Əliyev, Arzu Nağıyev, Kamal Cəfərov, İltizam Yusifov və Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov iştirak etdilər. Bildirildi ki, belə maarifləndirici tədbirlərin keçirilməsi ölkədə aparılan siyasətin təbliği üçün vacib və əhəmiyyətlidir.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Qısa müddət ərzində Azərbaycan Prezidenti Özbəkistan Respublikasına, Göygöl-Laçın-Kəlbəcər rayonlarına, Türkmənistan Respublikasına səfər etmiş, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak etmişdir. Ölkə başçımızın hər bir səfəri, hər bir konfransda, sammitdə iştirakı öz-özlüyündə olduqca əhəmiyyətli olmaqla, regionun bundan sonrakı yol xəritəsinin çəkilməsində birbaşa rol oynayır. Natiq qeyd etdi ki, iyunun 29-da Aşqabadda baş tutan Sammitdə 5 Xəzəryanı dövlətin lideri iştirak etmişdir. Ölkə başçımız Sammitdə çıxış edərək Xəzər dənizinin strateji əhəmiyyəti, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və Xəzər dənizinin bugünkü ekoloji problemləri və digər vacib məsələlərlə bağlı fikirlər səsləndirmişdir.
Çıxışın sonunda natiq qeyd etdi ki, iyulun 9-da Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək. Bütün rayon sakinləri həmin tədbirə qonaq qismində iştirak etməyə dəvət edildi.
Həmçinin qeyd edildi ki, həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 13 iyul 2022-ci il tarixində Milli Məclisin deputatı Rauf Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir. Bununla əlaqədar Pirallahı rayonunda hüquqi yardıma ehtiyacı olan aztəminatlı ailələr 13 iyul 2022-ci il, saat 12:00-da Gənclər Mərkəzinə yaxınlaşa bilərlər.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, əlilliyin təyin olunması yığışdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.