Şriftin ölçüsü :

Saytın rəngi :

168 №-li tam orta məktəbin Parlaq Zəkaları Bakı çempionatında II yeri tutdular

09 iyun 2015 | 10:00
   Bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan İntellektual  Oyunlar Klubu tərəfindən məktəblilər arasında “Parlaq Zəka” intellektual oyunu keçirilmişdir. Bakı şəhəri üzrə 1-ci çempionatın rayon turlarından biri 14 may 2015-ci il tarixində Pirallahı rayonu 168 №-li tam orta məktəbdə təşkil edilmişdir. İlk turda birincilik qazanan 168 №-li tam orta məktəbin Parlaq Zəkalardan ibarət komandası çempionatın şəhər mərhələsinin finalına vəsiqə qazanmışdır.
   5 iyun 2015-ci il tarixində Binəqədi, Yasamal, Xətai, Nərimanov və Pirallahı rayonlarının komandaları “Şərq Oteli”nin mərasim zalında keçirilən final oyununda üz-üzə gəldilər. Qeyd olunmalıdır ki, mövzular əvvəlcədən məktəb rəhbərliyinin və komanda üzvlərinin nəzərinə çatdırılmışdı. “Səfəvilər”, “Məhəmməd Füzuli”, “Bəstəkarlarımız”, “Orta əsrlər tarixi”, "Cəlil Məmmədquluzadə’’ kimi milli tematikaya uyğun mövzular üzrə finalçılar öncədən gərgin mübarizəyə hazırlaşmışdılar. Gərgin keçən final yarışının yekununda Pirallahı rayonu 168 №-li tam orta məktəbin Parlaq Zəkaları 25 komanda arasında yüksək nəticə göstərməklə II yerin qalibi oldu. Rayonumuzu bu mötəbər yarışda təmsil edən Fərid Həsənli, Əbdül Şərifli, Rüstəm Allahverənli, Dərya Cabbarova və Cəlil Əhmədovdan ibarət komanda “Parlaq Zəka” intellektual oyununun 1-ci çempionatının gümüş kubokunu 168 №-li tam orta məktəbə qazandırdı. Şagirdlər müvafiq diplom və medallarla təltif edildilər, bundan əlavə dünya və Azərbaycan ədəbiyyatının seçmə incilərindən ibarət olan bədii kitablarla mükafatlandırıldılar. Komandanın bütün üzvlərini rayonumuzu uğurla təmsil etdiklərinə görə təbrik edir, gələcək fəaliyyətlərində bundan da böyük uğurlar arzulayırıq.
Keçidlər