Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz Bayramı

20 mart 2013 | 11:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunun bütün ərazisi bu günlərdə yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, Pirallahıda yeni quruculuq işlərinin başlanması xalqımız üçün çox əziz olan Novruz bayramının gəlişinə təsadüf etmişdir. Hələ bayram ərəfəsində ARDNŞ və Pirallahı İcra hakimiyyəti uşaq bağçalarında tərbiyə alan körpələri və orta məktəblərin ibtidai sinif şagirdlərini bayram münasibətilə sevindirmiş, balacalara 1300-dən çox hədiyyə paylanmışdır. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər bu kateqoriyadan olan insanlar  da bu günlər qayğı ilə əhatə olunmuş, 300-dək ailəyə bayram sovqatı təqdim edilmişdir.
  Martın 19-da Pirallahıda bayram tədbirləri qəsəbə ərazisində kəhər atlar qoşulmuş faytonların hərəkəti ilə başladı. Əsas bayram tədbirinə saat 16.00-da Gənclər Parkında start verildi. Bayramsayağı bəzədilmiş Parka daxil olan İcra hakimiyyətinin başçısını və digər qonaqları Bahar qızı əlində al-əlvan xonça ilə qarşıladı. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif milli idman növlərinə aid olan nümunəvi çıxışlar nümayiş etdirdilər.
  Meydanın digər tərəfində əsl Novruz ab-havası yaşanırdı. Kimi səməni halvası, sacda yuxa, paxlava, şəkərbura bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı... Pirallahının orta məktəbləri və uşaq bağçaları, Pirallahı uşaq yaradıcılıq mərkəzi və V.Mustafazadə adına mədəniyyət sarayı öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və s. vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya ilə məşğul idilər...
  Gənclər Parkında rəsmi qonaqları bayram iştirakçıları alqışlarla qarşıladılar. Bayram tədbirini giriş sözü ilə İcra hakimiyyətinin başçısı Vasif İmanov açdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən İcra başçısı ulu Novruz bayramı haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda  və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı.
  Vasif İmanov daha sonra qeyd etdi ki, Prezident cənab İlham Əliyev Pirallahı və Çilov adalarının, eləcə də Neft Daşlarının iqtisadi və sosial inkişafının daha da gücləndirilməsi, burada yaşayan, əsasən neftçiləri təmsil edən əhalinin sosial-rifah halınının daha da yüksəldilməsi, rayonun turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Qanunun qüvvəyə minməsi ilə əlaqədar Sərəncam imzalamışdır. Bu günkü Novruz bayramı tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən İcra başçısı bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi.
Tədbirdə çıxış edən qonaqlar da Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik etdilər, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladılar. Bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək  davam etdi. Hava qaralana yaxın bayram meydanına Dədə Qorqud daxil oldu, iştirakçıları Novruz münasibətilə təbrik etdi və bayram tonqalını alovlandırdı. Rəngarəng Novruz bayramı tədbirləri Çilov adası və Neft Daşlarında da təşkil edilmişdi.

Keçidlər