Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan idmançıları növbəti uğurlara imza atdılar

18 iyun 2015 | 10:00
   Bakı 2015 ilk Avropa Oyunlarının VI günündə Azərbaycan idmançıları növbəti uğurlara imza atdılar.  Baş tutmuş kişilər arasında sərbəst güləş yarışlarının axşam sessiyasında yerli favorit, Olimpiya Çempionu azərbaycanlı Toğrul Əsgərovla italyan Frank Çamizo Markuezin final görüşü baş tutub. 65 kq çəki dərəcəsində keçirilmiş görüş nəticəsində Azərbaycanı təmsil edən Əsgərov rəqibinə qarşı 5-0 hesabı ilə uğurlu qələbə qazanaraq qızıl medala sahib olub.
     Azərbaycana digər qızıl medalı Xetaq Qazımov qazandırıb. Heydər Əliyev adına İdman Sarayında Azərbaycan idmançısı Xetaq Qazımov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
     “Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə  yarışlarda Azərbaycanı təmsil edən Ayxan Tağızadə Final görüşündə polşalı Karol Robak ilə qarşılaşdı. Rəqib üzərində inamlı qələbə qazanan idmançımız birinci Avropa Oyunlarının çempionu oldu.
    Qeyd edək ki, Azərbaycan yığmasının aktivindəki medalların sayı 23-ə çatıb. Onlardan da 11-i qızıl, 3-ü gümüş, 9-u isə bürüncdür. 
     Xatırladaq ki, 12-28 iyun tarixləri arasında keçirilən yarışlarda 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi aparılacaq.
Keçidlər