Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2015 | 10:00
   23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram  Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
   Bu gün Pirallahı rayon İcra Hakimiyyətində də əlamətdar gün münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində nailiyyətlər arzuladı. O, bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. Qeyd etdi ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.
    Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar təqdim olundu.
   Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iyunun 22-də dövlət qulluqçularının peşə bayramı münasibəti ilə imzaladığı sərəncamla bir qrup dövlət qulluqçusu fəxri adlara layiq görüldü. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlərdən biri də Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Çərkəz oğlu Səfixanovdur.
Keçidlər