Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon rəhbərliyinin 02 aprel 2013-cü il tarixində Çilov adasına səfəri

03 aprel 2013 | 10:00

Aprel ayının 2-də Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov, rayonun digər rəhbər işçiləri, İcra hakimiyyətinin məsul əməkdaşları vertolyotla Çilov adasına gəlmişlər. Vertolyot meydançasında qonaqları “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, Çilov qəsəbə nümayəndəliyinin və bələdiyyəsinin məsul işçiləri qarşılamışlar.
Ada ilə ilk tanışlığa “28 May” NQÇİ-nin inzibati binasından, bina ətrafında aparılmış abadlıq işlərindən, burada salınmış Bayraq meydanından başlayan Pirallahı rayonu İcra hakimiyyətinin başçısı daha sonra Çilov adasında fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri ilə geniş tərkibli iclas keçirmişdir. Tədbir iştirakçilarını salamlayan İcra Başçısı, Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması, rayon rəhbərliyinə təyinat barədə məlumat vermişdir. Pirallahı rayonunun yaradılmasını ölkə başçısının regionların, eləcə də Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramlarına yeni bir töhfə olduğunu vurğulayan İcra Başçısı, bunun rayona daxil olan adaların gələcək inkişafına, buranın əhalisinin sosial-rifah halının yüksəldilməsinə Prezident İlham Əliyevin diqqət və qayğısı kimi qiymətləndirmişdir.
   “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev idarə haqqında danışmış, “Günəşli” və “Çilov” yataqları haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, strateji əhəmiyyətli unikal “Günəşli” yatağı ötən əsrin 80-ci illərindən işlənmədədir və hazırda yataq ARDNŞ-in hasil etdiyi neftin yarıdan çoxunu verir. Bakı şəhərindən 62 km cənub-şərqdə yerləşən “Çilov” yatağı isə 1951-ci ildən işlənmədədir, 2013-cü il yanvarın 1-dək yataqda 115 quyu qazılmışdır. Bu quyular vasitəsilə yataqdan 4,92 mln ton neft hasil olunmuş, qalıq çıxarıla bilən neft ehtiyatı isə 615 ton təşkil edir. Hazırda “Çilov” yatağı 28 quyu vasitəsilə istismar edilir və gündəlik hasilat 80 tondur.
Pirallahı rayonu İcra hakimiyyəti başçısının Çilov qəsəbəsi üzrə nümayəndəsi Mahmud Məmmədov adada qeydiyyatda olan və daimi yaşayan sakinlərin sayı barədə məlumat vermiş, sənaye müəssisələrindən “28 May” NQÇİ, Abşeron Rayon Dəniz Neft Donanma idarəsinin Gəmi təmiri emalatxanası, çörəkbişirmə sexi, sosial yönümlü obyektlərdən məktəb, xəstəxana, uşaq bağçası, mədəniyyət evinin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, 2010-cu ildə inşa edilmiş bağçada 30 uşaq tərbiyə alır, 20 çarpayılıq xəstəxana isə 1952-ci ildə tikilmişdir, təmirə və yeni avadanlıqlarla təminata ehtiyac duyulur. 2007-ci ildə təmir edilmiş 131 saylı məktəbin direktoru Rəfail Musayev rəhbərlik etdiyi kollektiv barədə ətraflı məlumat vermişdir.
Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov məktəbdə təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində tövsiyələrini çatdırmış, Çilov adası sakinlərinin, xüsusən neftçilərin rifah halının yüksəldilməsi üçün xeyli işlər görüldüyünü qeyd etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş miqyaslı quruculuq işlərinin vüsət aldığını vurğulayan İcra hakimiyyətinin başçısı bu işlərin tərkib hissəsi kimi ARDNŞ tərəfindən Çilovda yeni yataqxana kompleksinin, ƏKS OSMOS qurğusunun tikildiyini, əhalinin içməli su ilə təminatının yaxşılaşdırıldığını, yolların asfalt örtüyünün yeniləndiyini, ekoloji sağlamlıq istiqamətində xeyli iş görüldüyünü, geniş yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırmışdır. Qəsəbədə uzun müddətdir istismarda olan köhnə evlərin planlı şəkildə 1 və 2 mərtəbəli müasir binalarla əvəz olunacağını bildirən İcra Başçısı Çilovda mövcud sabitliyin qorunması, adaya gəlib-gedənlərə daim nəzarət edilməsi barədə müvafiq orqanların nümayəndələrinə göstərişlər vermişdir.
Daha sonra ada sakinləri ilə Çilov Mədəniyyət evində görüş keçirilmişdir. Sakinləri keçmiş bayram münasibətilə təbrik edən İcra Başçısı Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yeni yaradılmış Pirallahı rayonu haqqında qısa məlumat vermişdir. Bildirilmişdir ki, Pirallahı rayonu çox düzgün və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişafa nail olmaq üçün rayon əhalisi mövcud problemləri araşdırmaq məsələsində rayon rəhbərliyinə yaxından kömək etməli, qarşıya çıxan çətinlikləri birgə dəf etmək məqsədilə daim rəhbərliklə qarşılıqlı təmasda fəaliyyət göstərməlidir. Çilovda içməli su ilə təminat məsələsinin həlli istiqamətində işlərin sürətləndiriləcəyini deyən, Pirallahı rayonunun yalnız neft rayonu kimi deyil, eyni zamanda gələcəkdə bir turizm bölgəsi kimi də inkişaf etməli olduğunu vurğulayan V.İmanov bütün məsələlərin ilk növbədə dövlətimizin və ölkə başçısının mənəvi və maliyyə dəstəyi ilə mərhələli şəkildə həyata keçiriləcəyini qeyd etmişdir. İnsanlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi üçün çox işlər görən ARDNŞ rəhbərliyinin bundan sonra da  daim Pirallahı rayonu sakinlərinin yanında olacağına inandığını söyləyən İcra Başçısı sayca 12-ci yaradılmış Pirallahı rayonunun reallaşdırılacaq geniş miqyaslı layihələr sayəsində yaxın gələcəkdə Bakı şəhəri rayonları arasında ön cərgələrə çıxacağına əminliyini ifadə etmişdir. Pirallahı adasında görülən işlər barədə danışan İcra Başçısı qəsəbənin mərkəzi prospektinin genişləndiriləcəyini, sakinlərin isə yeni tikiləcək müasir tipli yaşayış binalarına köçürüləcəyini bildirmişdir.
Görüşdə iştirak edən Hikmət Hüseynov, Əli Məmmədov, Faiq Həsənov, Abdulla Abbasov, Əlihəsən Hüseynov və digər Çilov sakinləri onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən nəqliyyat, işlə təminat, adada aptekin açılması, ara küçələrin asfaltlaşdırılması və digər məsələləri əhatə etmişdir. Sakinlərin suallarını ətraflı cavablandıran İcra Başçısı görüşdə iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində müvafiq göstərişlər verdi.
Ada sakinləri ilə görüşdən sonra İcra hakimiyyətinin başçısı Vasif İmanov Çilov qəsəbəsi ilə ətraflı tanış olmuş, ƏKS OSMOS qurğusu, uşaq bağçası məktəb,  xəstəxana, çörəkbişirmə sexində əmək kollektivləri ilə görüşlər keçirmişdir.

Keçidlər