Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Milli Mətbuatın 140 illiyi qeyd olundu

15 iyul 2015 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən respublikamızın hər yerində yubiley tədbirləri təşkil olunur.  15 iyul 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində növbəti tədbir keçirildi. Toplantıda  RİH işçiləri, yüksək vəzifəli rayon rəsmiləri və ziyalıları, eləcə də mətbuat nümayəndələri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Milli Mətbuat günü və Azərbaycan jurnalistikasının 140 illik yubileyi münasibəti ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edərək qeyd etdi ki, Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirmişdir. V.Səfixanov qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin mediaya göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra KİV-lərin inkişafında yeni mərhələ başlandı. Ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzura ləğv edildi, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırıldı, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, əlavə dəyər vergisi ləğv edildi və digər mütərəqqi islahatlar həyata keçirildi. Nəticədə Azərbaycan söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə edilə biləcək tərəqqiyə nail oldu, respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə geniş imkanlar yaradıldı. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev milli mətbuatın inkişafına zəruri dəstək verdiyini dəfələrlə vurğulayıb. Ölkəmizdə mətbuatın inkişafı üçün bütün lazımi addımlar atılır, mətbuat günü-gündən inkişaf edir, peşəkar kadrlar yetişir. Ölkə başçının sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binası bunun bariz nümunəsidir. Jurnalistlərə dövlət hesabına mənzillərin verilməsi dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirilməlidir. V.Səfixanov dövlət səviyyəsində göstərilən diqqət və qayğıya cavab olaraq ölkə mediasının da qarşısında duran vəzifələrin uğurla həll edilməsinə çalışacağına, bundan sonra da milli maraqların müdafiəsində layiqincə dayanacağına, daim dövlətçilik mənafeyindən və mövqeyindən çıxış edəcəyinə inandığını vurğuladı.
   “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev, “Ekologiya” jurnalının və “Şəhidlər” qəzetinin baş redaktoru Lətafət Orucqızı, “Yeni carçı” qəzetinin baş redaktoru Bəhruz Məmmədli  öz çıxışlarında mətbuatın rolunu və dövlət qayğısı nəticəsində inkişafını qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  mətbuata göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər