Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Heydər Əliyev Fondu tərəfindən iki yeni uşaq bağçası inşa edilir

21 iyul 2015 | 10:00
   Son illər ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində respublikamız yüksək inkişafa nail olmuş və bütün sahələrdə dinamik artım müşahidə olunur. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Belə ki, prioritet istiqamətlərdən biri olan insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsi məhz təhsildən başlanır. Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil sistemi Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən son 11 ildə Azərbaycanda 3000-ə yaxın məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, onların maddi-texniki bazaları gücləndirilmişdir.
   Ölkəmizdə təhsilin yeni mərhələyə qədəm qoymasında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Belə ki, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramına uyğun olaraq 2005-2014-cü illər ərzində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və ya yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Heydər Əliyev Fondu 2014-cü ildə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirməyə başlamışdır. Proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı boşaldılacaq müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulur. Qeyd edək ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Pirallahı qəsəbəsinin S. Bağırov və S. Vurğun küçələrində müvafiq olaraq 140 və 100 yerlik iki yeni uşaq bağçası inşa edilir. 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadrat metr, tikinti sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edir. Bağçanın tikintisi demək olar ki başa çatmaq üzrədir və hazırda son tamamlama işləri aparılır. 100 yerlik uşaq bağçası üçün isə torpaq sahəsi ayrılıb, tikintinin layihəsi təsdiq olunub, hal-hazırda binanın təməli qoyulub, birinci mərtəbənin inşasına hazırlıq işləri görülür. Hər iki uşaq bağçası iki mərtəbədən ibarət olacaqdır.
   Xatırladaq ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcəkdir. Eyni zamanda “Cobanyastığı” körpələr evi - uşaq bağçası əsaslı təmiri və Gürgən qəsəbəsindəki   “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulmuşdur.
Keçidlər