Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul – Milli mətbuat və Jurnalistika günü qeyd olundu

22 iyul 2015 | 10:00
   Milli mətbuat və Jurnalistika günü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayonun idarə və müəssisələrində, o cümlədən “Abşeronneft” və “28 May” NQÇİ-lərdə, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, Neft Daşlarında yerləşən Heydər Əliyev muzeyində və digər mədəniyyət ocaqlarında təşkil olunmuş və RİH əməkdaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların və mətbuat işçilərinin qatıldığı tədbirlərdə 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışılmış, Milli mətbuatımızın, ötən illər ərzində bəzən çox çətin şəraitdə fəaliyyət göstərdiyinə baxmayaraq, şanlı yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığı, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunduğu, senzuranın ləğv edilməsi xatırlanmış, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi xüsusi vurğulanmışdır. Natiqlər, həmçinin, ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini bildirmişlər.
   Tədbirlərdə çıxış edən media təmsilçiləri mətbuatın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd etmişlər.
Keçidlər