Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək Texnologiyalar Parkının inşası davam etdirilir

27 iyul 2015 | 10:00
   Azərbaycanda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 sentyabr 2013-cü il tarixində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında 984 №-li Fərman imzalamışdır. Texnoparkların mahiyyəti, ilk növbədə, elmi-texniki yeniliklərin işlənməsi, hazırlanması və istehsalata tətbiqi ilə bağlı proseslərin məcmu halında formalaşmasından ibarətdir. Texnoparkların başlıca məqsədi və əsas missiyası biliklərin və ixtiraların texnologiyalara çevrilməsi, bunların əsasında müxtəlif təyinatlı elmtutumlu və yüksək dəyərli rəqabət qabiliyyətli məhsulların hazırlanması, bununla bağlı proseslərin sənayedə tətbiqi, sənayenin strukturunun yenilənməsi, dünya standartlarına uyğun mal və məhsulların, xüsusilə də ixrac mallarının çeşidinin artırılması, məşğulluğun gücləndirilməsi, bütövlükdə ölkənin sənaye və ixrac potensialının artırılması ilə əlaqədardır. Yeni yaranan texnoparklar, eyni zamanda, qeyri-neft sektorunun sürətli inkişafına güclü təkan verəcəkdir.
   Pirallahı Yüksək Texnologiyalar Parkının müasir standartlar səviyyəsində qurulmasına  vaxt və böyük maliyyə vəsaitinin tələb olunması səbəbindən tikinti işlərinin dörd faza üzrə aparılacağı və Parkın tam tikilməsinin 5 ilə başa çatacağı nəzərdə tutulub. Pirallahı adasında tikiləcək Yüksək Texnologiyalar Parkının baş planının və ümumi inşaat layihəsinin hazırlanması üçün texniki məsləhətçi olaraq, Kanadanın “Hill İnternational” şirkəti ilə müqavilə imzalanıb. “YT Park” MMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə məsləhətçi şirkətlə birgə İnkişaf Planı hazırlanmaqdadır. Yüksək Texnologiyalar Parkı inşa olunacaq ərazidə tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işləri görülmüş, inşaat pasportu və dövlət reyestrindən çıxarış, digər zəruri sənədlər alınmışdır. Parkın infrastrukturunun qurulması məqsədilə layihələndirmə işləri memarlıq şirkəti ilə birgə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilməkdədir. Ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanmışdır və hazırda birinci faza üzrə tikiləcək binaların eskiz layihələrinə baxış keçirilir. Bütün əlavə və düzəlişlər edildikdən sonra birinci faza üzrə tikiləcək binaların işçi layihələrinin hazırlanmasına başlanacaqdır.
   Dövlət Proqramı çərçivəsində Yüksək Texnologiyalar Parkının tikintisi məqsədilə ayrılmış sahədə hazırlıq işləri davam edir. Ərazidən keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, 35 KV-luq yerüstü ötürücü xətlərin yeraltı kabel xətləri ilə əvəzlənməsi işləri görülmüşdür. Hazırda Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə layihəyə uyğun olaraq tikinti işlərinə başlanmışdır. Artıq birinci bina inşa edilir. “Showroom” (Nümayiş zalı) adlanan bu bina istismara verildikdən sonra YTP MMC tərəfindən ilk mərhələdə inzibati - təsərrüfat obyekti kimi istifadə olunacaqdır. Yaxın zamanda YTP-nin baş planının təsdiq edilməsindən sonra birinci fazaya daxil olan əsas binaların təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə texnoparka ilk potensial investor rezidentlərin qəbuluna başlanılacaqdır.
Keçidlər