Pirallahı İcra hakimiyyətində ilk qəbul keçirildi
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılmasından sonra mart ayının 25-də Pirallahı rayonu İcra hakimiyyətində sakinlərin ilk qəbulu təşkil edildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov keçirdi. Görüşü giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı qeyd etdi ki, Prezident cənab İlham Əliyev Pirallahı və Çilov adalarının, eləcə də Neft Daşlarının iqtisadi və sosial inkişafının daha da gücləndirilməsi, burada yaşayan, əsasən neftçiləri təmsil edən əhalinin sosial-rifah halının daha da yüksəldilməsi, rayonun turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Sərəncam imzalamışdır.
- Biz sizinlə birlikdə Pirallahının abad və gözəl bir şəhərə çevrilməsi məqsədilə əlbir çalışmalıyıq, - deyən Vasif İmanov vurğuladı ki, Pirallahı rayonunda əhalinin rifah halının yüksəldilməsi üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcəkdir.
Qəbula gələn Pirallahı sakinləri Baba Hüseynov, İlham Tağıyev, Oqtay Mahmudov, Zaur Rəfiyev, Elman Eyvazov, Akif Xankişiyev, Arif Əhmədov, Kamal Qəhrəmanov, Əhliman Əliyev və başqaları onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz evlər, bələdiyyə torpaq sahələri, işlə təminat, qəzalı vəziyyətdə olan evlər, təhsil, qəsəbənin su təchizatı və digər məsələləri əhatə etmişdir. Sakinlərin suallarını ətraflı cavablandıran İcra başçısı ilin sonunadək su probleminin birdəfəlik həll ediləcəyini, işlə təminatda böyük irəliləyiş olacağını bildirmişdir. Rayona yeni su xəttinin çəkilişi başa çatana kimi hər gün qəsəbə sakinlərinə ödənişsiz olaraq 40 ton su paylanacağını deyən İcra başçısı Pirallahının digər bütün problemlərinin də yaxın vaxtlarda həllini tapacağını bildirdi.
İcra hakimiyyətinin başçısı öz növbəsində qəsəbədə məscidin və xeyir-şər evlərinin abadlaşdırılması, binaların tüstü bacalarının təmizlənməsi, qəsəbə küçələrinin gecə işıqlandırılması, avtobus marşrutlarının tənzimlənməsi və digər məsələləri qaldırdı, qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində müvafiq göstərişlər verdi.
Qeyd edək ki, bayram günlərində - martın 24 və 26-da İcra hakimiyyətinin başçısı qəsəbə sakinləri ilə səyyar görüşlər keçirmişdir və bu qəbildən olan tədbirlərin mütəmadi xarakter daşıyacağı bildirilmişdir.