Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahılılar ölkə başçısının çıxışını fəaliyyət proqramı kimi qəbul etmişlər

29 iyul 2015 | 10:00
 Hesabat yığıncağında 2015-ci ilin birinci yarısında rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş bəhs olundu
 
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin birinci yarısında qazanılan uğurlar 29 iyul tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2015-ci ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq iyulun 13-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2015-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini, həmin iclasda möhtərəm Prezidentin 2015-ci ilin ilk yarısında Respublikamızda sosial-iqtisadi inkişafın yekunlarını çox müsbət dəyərləndirdiyini, inkişafın dinamik xarakter daşıdığını, altı ayda əldə edilən uğurların tarixi uğurlar olduğunu bildirdi. Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda görülən işləri, həyata keçirilən layihələri və qarşıda duran vəzifələri əks etdirən hesabat məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış etdi. 
   İlk olaraq bildirildi ki, hesabat dövründə Pirallahı rayonunda sənaye istehsalı üzrə nailiyyətlər əldə edilmiş, 2015-ci ilin birinci yarısında Pirallahı rayonunda sənayedə ümumi məhsul istehsalı 251 milyon 783 min 200 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 101,5% təşkil etmişdir. 2015-ci ilin yanvar-iyun aylarında rayonda əsas fondlar üzrə investisiya qoyuluşu 118 milyon 507 min 900 manata çatmışdır. Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 158 milyon 883 min 500 manat olmuş, 49 yeni iş yeri açılmış, orta aylıq nominal əmək haqqı 1176,8 manat təşkil etmişdir. Bütövlükdə 2015-ci ilin birinci yarısında Pirallahı rayonu üzrə neft hasilatı 3 mln 050 min 529 ton, qaz hasilatı isə 2 mlrd 743 mln 887 min m3 təşkil etmişdir.   
   Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən yaradılan Yüksək Texnologiyalar Parkının ərazisində tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işlərinin görüldüyünü, inşaat pasportu və dövlət reyestrindən çıxarışın, digər zəruri sənədlərin alındığını bildirmişdir. Parkın infrastrukturunun qurulması məqsədilə layihələndirmə işləri memarlıq şirkəti ilə birgə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilməkdədir. Ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanmışdır və hazırda birinci faza üzrə tikiləcək binaların eskiz layihələrinə baxış keçirilir. Bütün əlavə və düzəlişlər edildikdən sonra birinci faza üzrə tikiləcək binaların işçi layihələrinin hazırlanmasına başlanacaqdır. Hazırda Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə ilkin tikinti işlərinə başlanmışdır. Layihəyə uyğun olaraq inşa edilən ilk tikili istismara verildikdən sonra YTP MMC tərəfindən ilk mərhələdə inzibati-təsərrüfat obyekti kimi istifadə olunacaqdır.
   Dövlət Proqramına əsasən inşa edilən və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində 82 metrlik orta aşırımının betonlanması işləri artıq tamamlanmışdır.  “Azərsu” ASC tərəfindən Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işləri aparılır və bu prosesin 2015-ci il ərzində başa çatdırılması nəzərdə tutulur.
Daha sonra tikintisi və əsaslı təmiri başa çatdırılmış obyektlərdən, eyni zamanda davam edən inşaat işlərindən söz açılmış, qeyd edilmişdir ki, Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlər artıq yekunlaşmışdır. 23 fevral 2015-ci il tarixində Pirallahı RİH-in təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Baş planın son müzakirəsi aparılmış və bundan sonra görülən işlərin Baş plana uyğun həyata keçirilməsi qərara alınmışdır.
   Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni transformatorların quraşdırılması, kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. S.Vurğun küçəsində “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası tikilib istismara verilmişdir. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin və 77 saylı Poçtun əsaslı təmiri başa çatmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyası ümumi şəbəkəyə qoşulmuş, Agentlik üçün 5 ha torpaq sahəsinin ayrılması istiqamətində işlər aparılır. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq  Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Gələcəkdə kombinatda 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Adanın şimal hissəsində “Abşeronneft” NQÇİ-nin yeni Rezervuarlar Parkının tikintisi davam etdirilir. Burada nəzərdə tutulan 24 ədəd müxtəlif tutumlu rezervuarın 20-si artıq qurulmuşdur. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir.
   Sosial infrastruktur layihələrinin rayonda uğurla icra olunduğunu vurğulayan V.İmanov rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdiyini dedi. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında tamamlama işləri aparılır. Dövlət Proqramına əsasən reallaşan 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşmaqdadır. Burada yeni korpusun dam örtüyü vurulub, hal-hazırda bina daxilində və idman zalında son tamamlama işləri aparılır.
   Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. YAP Pirallahı rayon təşkilatının inzibati binası da uğurla inşa olunur. Yanvarın 14-də Pirallahı rayonunda ilk inzibati binanın, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir. 
   Rayon mərkəzində əsas yol boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri, bir sıra küçələrin abadlaşdırılması, «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində 28-ci məhəllədə və K.Rzayev küçəsində işlər davam etdirilir. S.Vurğun küçəsinin magistral yola düşən hissəsinin hər iki kənarında antisanitar vəziyyətdə saxlanılan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarların, tikililərin sökülməsi yekunlaşmış, ərazinin abadlaşdırılmasına başlanmışdır. Yolun hər iki tərəfində dekorativ hasar inşa edilir. Bütövlükdə Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Azərbaycanda yay Olimpiya oyunları səviyyəsində keçirilmiş “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Pirallahı RİH Başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası tam təmin edilmişdir.
   İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il  fevralın 2-dən mayın 1-dək Pirallahı rayonu üzrə 11 652 nəfər tibbi müayinədən keçmişdir ki, bu da 18 yaşdan yuxarı əhalinin 68,4%-ni təşkil etmişdir. Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davamlı xarakter daşımış, idarə və müəssisələrin iştirakı ilə mütəmadi iməciliklər keçirilmişdir. 27 mart və 4 aprel 2015-ci il tarixlərində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı RİH-in təşkilatçılığı ilə rayonda tədbirlər keçirilmiş, bütövlükdə yanvar-iyun ayları ərzində keçirilən iməciliklər zamanı rayonda 16 mindən çox Eldar şamı, digər dekorativ və bəzək ağacları və kolları əkilmişdir.
   Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə 2 ha neftlə çirklənmiş ərazinin təmizlənməsi və abadlaşdırılması işləri davam etdirilmişdir. Turizmin inkişafı baxımından geniş imkanlara malik Pirallahı rayonunda yay mövsümünün başlanması ilə əlaqədar 3 ədəd çimərlik təşkil edilmiş, çimərliklərə aparan yollar cari təmir edilmiş, 20 ədəd günlük quraşdırılaraq istirahət edənlərin istifadəsinə verilmişdir.
   Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü, Xocalı soyqırımının 23-cü ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Çernobıl faciəsinin 29-cu ildönümü, erməni təcavüzünə məruz qalmış rayonlarımızın işğal günləri ilə əlaqədar geniş rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbirləri təşkil olunmuşdur. Novruz bayramı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademiki Zərifə xanım Əliyevanın xatirə günü, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı, 28 May – Respublika Günü, 15 iyun – Milli Qurtuluş Günü, 26 iyun – Silahlı Qüvvələr Günü Pirallahı rayonunda yüksək səviyyədə qeyd olunmuşdur. Bundan başqa Ağsaqqallar Şurasının təsis konfransı, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslər,  Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelinin iştirakı ilə Pirallahı RİH-də rus icmasının nümayəndələri ilə görüş, səyyar “ASAN xidmət”in fəaliyyəti təşkil edilmişdir.
   Çıxışının sonunda V.İmanov bildirmişdir ki, cənab İlham Əliyev tərəfindən ötən il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin  və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi mühüm bu və digər məsələlər əks olunmuşdur və yaxın gələcəkdə icrası təmin ediləcəkdir. 
   Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, Pirallahı Rayon polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, Pirallahı rayon İcra Hakimiyyəti başçısının Pirallahı inzibati dairəsi üzrə nümayəndəsi Rəşid Abbasov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2015-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. 23 iyun - Dövlət Qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Yığıncağın sonunda Pirallahı rayon İcra Hakimiyyətinin  başçısı Vasif İmanov yüksək dövlət mükafatını V.Səfixanova təqdim etmişdir.
   Yeni yaradılmış Pirallahı rayonunda 2015-ci ilin ilk altı ayı ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti dövrdə də qarşıda duran vəzifələri uğurla yerinə yetiriləcəklər, ili yüksək göstəricilərlə başa vuracaqlar. Prezident İlham Əliyev qeyd edir: “İqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq.” Beləliklə, möhtərəm Prezident özünün proqram xarakterli çıxışı ilə qarşımızda yeni vəzifələr qoymuşdur. Bizim məqsədimiz ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək, Pirallahı rayonunu böyük zirvələrə çatan ölkənin ən cazibədar guşəsinə, Bakı şəhəri üzrə ən qabaqcıl rayonlardan birinə çevirməkdən ibarətdir.
Keçidlər