Şriftin ölçüsü :

Saytın rəngi :

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu

03 avqust 2015 | 10:00
   1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirildi. Tədbirdə iştirak edən RİH aparatının məsul  əməkdaşı İlqam Əsgərov  öz çıxışında bildirdi ki, Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci il Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Əsrlərlə müxtəlif xalqlarının mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M.F.Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb. Qeyd edildi ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalandı. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
   Çıxışlardan sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Cəzirə” ansamblı, “Ada” rəqs qrupu tədbir iştirakçılarının qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Gənc müğənnilər Məleykə Əsədova, Sədaqət Əsgərova, Turqay Camalovın ifasında xalq və bəstəkar mahnıları, Çiçək Qəhrəmanova və Çinarə Rzayevanın şeir kompozisiyaları alqışlarla qarşılandı. Musiqi nömrələrindən böyük zövq alan tədbir iştirakçıları incəsənət ustaları ilə birgə rəqsə qoşuldular.
Keçidlər