Şriftin ölçüsü :

Saytın rəngi :

Neftlə çirklənmiş ərazilər təmizlənərək abadlaşdırılır

18 avqust 2015 | 10:00
  Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən biri neftlə çirklənmiş torpaqların təmizlənməsi, eyni zamanda, bir sıra göllərin zəhərli tullantılardan azad edilməsi və abadlaşdırılması ilə bağlı mühüm layihələrin reallaşdırılmasından ibarətdir. Bu istiqamətdə son illərdə böyük işlər həyata keçirilir, bir sıra dövlət proqramları və layihələri reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev neftlə çirklənmiş ərazilərin təmizlənərək abadlaşdırılmasını ekoloji siyasətin əsas prioritetlərindən biri olduğunu bildirib: “Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik. Beləliklə, biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik”.
   Bu baxımdan Pirallahı rayonunda görülən işlər diqqəti cəlb edir. Burada hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən kompleks addımlar atılmaqdadır. Belə ki, rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Bundan əlavə neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilir, Xəzər dənizi batmış və yarımbatmış gəmilərdən, sıradan çıxmış estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənir, Xəzər dənizində və sahil zolağında yerləşən neft mədənlərində quyulardan, borulardan axıntıların, sızmaların qarşısı alınır, istismarı qeyri-məqbul qiymətləndirilən neft quyuları ləğv edilir. “Neft Daşları”nda lay sularının qapalı sistemdə utilizasiyası məqsədilə NQÇİ-nin 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsində quraşdırılacaq müvafiq avadanlığın layihəsi verilmiş, dizaynı tərtib olunmuş, avadanlıq sifariş edilmişdir. Ətraf mühitə atılan bərk məişət tullantılarının qarşısının  alınması məqsədilə Çilov adasında və “Neft Daşları” NQÇİ-də quraşdırılmış A 2600 HF tipli sobada 86,5 ton bərk məişət və mətbəx tullantıları yandırılaraq zərərsizləşdirilmişdir. Dənizdə çalışan neftçilər ARDNŞ-nin quraşdırdığı əks-osmos bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan istifadə edirlər. Belə ki, “ƏKS OSMOS” qurğuları vasitəsilə 171,1 min kub metr həcmində dəniz suyu şirinləşdirilmişdir.
   Qeyd edək ki, neft və neft məhsullardan təmizlənmiş ərazidə abadlıq işləri görülür və yaşıllıqların salınması işləri həyata keçirilir.
Keçidlər