Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Pirallahı rayon təşkilatında seçkilərə hazırlıq müzakirə olunub

20 avqust 2015 | 10:00
   Pirallahı rayonu yeni yaranmasına baxmayaraq özünəməxsusluğu ilə seçilir. Az müddətdə rayonda aparılan tikinti, abadlıq, quruculuq işləri dənizə “əl uzadan” adanın görkəmini müasirləşdirib, gözəlləşdirib. Respublikada həyata keçirilən genişmiqyaslı iqtisadi, sosial, mədəni islahatların tətbiq olunduğu Pirallahının sakinləri dinamik inkişafı gündəlik həyatlarında hiss etməklə Azərbaycanı dünyada tanıdan, inkişaf etmiş ölkələr səviyyəsinə çatdıran Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə dövlətimizin başçısının ətrafında daha sıx birləşirlər. Bu həmrəylik siyasi kampaniyalarda daha da güclənir. Prezident, bələdiyyə seçkilərində yekdilliklə iqtidar partiyasının namizədlərinə etimad göstərən rayon sakinləri qarşıdan gələn parlament seçkilərində də Azərbaycanı dünya ölkələri arasında fərqləndirən, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldən siyasətə səs verəcəklərini, əqidə və seçimlərinə sadiq qalacaqlarını bildirirlər. 4433 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında parlament seçkilərinə ilkin hazırlıq işlərinin mütəşəkkilliklə davam etməsi bu inamı təsdiqləyir.
     Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Manaf Manafov hazırlıq işləri barədə açıqlama verib. Bildirib ki, rayon sakinləri bu siyasi kampaniyanı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Ölkəmizdə daim yeniləşən, demokratik inkişafın bariz nümunəsi olan daha bir seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir. Seçkilərin əhəmiyyəti barədə YAP Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvləri ilə keçirilən görüşdə ətraflı məlumat verən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun bildirdiyi kimi, hər bir ölkənin həyatında mühüm hadisə olan siyasi kampaniyaların uğuru seçkilərə hazırlıqdan bilavasitə asılı olsa da nəticə xalqın ümumi rəyi əsasında bəlli olur. Milyonların partiyası olan YAP bu etimadı xalqın arzularına əsaslanan əməli işi ilə qazanıb. İnsanlar ölkədə demokratiyanın inkişafını, seçkilərin azad, sərbəst, şəffaf şəraitdə keçməsini hamıdan artıq istəyən Prezident İlham Əliyevin davam etdirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir, dövlət başçısının imzaladığı seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı sərəncamları demokratiyanın inkişafı yolunda önəmli addım kimi təqdir edir. Ölkənin bütün bölgələrini əhatə edən, dövlət başçısının tövsiyələri və rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, demokratik islahatlar cənab İlham Əliyevə inam və etimadı daha da artırır. Eyni sədaqət və həmrəylik Prezident İlham Əliyevin Sədri olduğu YAP-a münasibətdə də hiss olunur. Buna görə də parlament seçkilərinə 650 mindən çox üzvü olan partiyamız qələbə əzmi ilə hazırlaşır.”
   Bildirilib ki, noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin 11 nəfərdən ibarət üzvü ilk günlərdən fəaliyyətə başlayıb. 7 nəfər partiya fəalı isə imzatoplama mərhələsində iştirak edəcək. Əsas məqsəd hazırlıq işlərinin demokratiyanın tələblərinə və insanların istək və arzularına müvafiq təşkil olunmasıdır. Bu inam üzvlərin ürək sözlərində də ifadəsini tapır.
     www.yeniazerbaycan.com
Keçidlər