“44 günün qəhrəmanlıq salnaməsi – Zəfərə aparan yol” adlı tədbir keçirilib
03 noyabr 2026 | 14:48
3 noyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialının birgə təşkilatçılığı ilə “44 günün qəhrəmanlıq salnaməsi – Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Süpay Məmmədov, Xəzər Rayon MKS-nin 1 və 2 saylı filiallarının müdirləri, şəhid ailələrinin üzvləri, qazilər və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Süpay Məmmədov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyindən və tarixi Zəfərə aparan qəhrəmanlıq yolundan bəhs etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və sərkərdəliyi, xalqımızın dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsi, eləcə də Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz şücaətin Qələbənin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb.
Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialının müdiri Zülfiyyə Əliyeva çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərin milli yaddaşımızda tutduğu xüsusi yerdən və bu hadisələrin gələcək nəsillərə çatdırılmasında kitabxanaların rolundan danışıb.
Şəhid anaları öz çıxışlarında övladlarının Vətən uğrunda keçdikləri şərəfli döyüş yolundan, onların qəhrəmanlığından bəhs etmiş, şəhidlərin əziz xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu bildirib.
Tədbirdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi, gənc nəslin qəhrəmanlarımızın həyat və döyüş yolu barədə məlumatlandırılmasının vacibliyi də diqqətə çatdırılıb.
Sonda qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, dövlət-xalq-ordu həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.







