Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb

28 avqust 2015 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən keçirilən islahatlar, atılan konkret addımlar nəticəsində respublikamız sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır,  bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bu baxımdan Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqətəlayiqidir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
   Rayonda mərkəzi yol və ətraf ərazilər abadlaşdırılır, yaşayış məhəllələrində nümunəvi həyətlər yaradılır, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülür və burada yeni infrastruktur layihələrinin reallaşdırılması məqsədilə zəruri addımlar atılır, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidən qurulan obyektlər rayona xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır.
   Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası davam edir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadrat metr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında ikinci mərtəbədə işlər davam edir.
168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpus binanın daxilində son tamamlama  işləri aparılır və bina 2015-2016-ci tədris ilinə istifadəyə veriləcək.
   Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri davam edir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının, blokun və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Həmin proses 28-ci, 40-cı məhəllələrdə, K.Rzayev,  küçəsində də davam etdirilir.
   Fioletov küçəsində yerləşən ikimərtəbəli binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir. Hal-hazırda Fioletov küçəsində yerləşən 4 nömrəli binada təmir işləri aparılır.
   “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Qeyd edək ki, YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir. Artıq  “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə layihəyə uyğun inşaat işlərinə başlanmışdır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası aparılır.
Rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin və 77 saylı Poçtun inzibati binasının fasad hissəsi əsaslı təmirdən sonra istifadəyə verilib.
Keçidlər