Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbləri yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə qədəm qoyurlar

12 sentyabr 2015 | 10:00

Bu haqda müəllimlərin sentyabr konfransında geniş bəhs olundu

   Hər bir xalqın mənəvi həyatını onun ədəbiyyatı və mətbuatı ilə bərabər maarifi və təhsili də əks etdirir. Bu mənada çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan təhsili xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir desək, əlbəttə ki, yanılmarıq. Müəllim, pedaqoq adı bizdə həmişə böyük hörmətlə çəkilib. Azərbaycanda təhsilin inkişaf səviyyəsi daim o qədər yüksək olub ki, o, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına da önəmli töhfələr vermişdir. Sevindirici haldır ki, Pirallahı rayonunun təhsil işçiləri də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Artıq üçüncü ildir ki bütün sahələrdə səmərəli fəaliyyət göstərən Pirallahı rayon İcra Hakimiyyəti rayonun təhsil sisteminin inkişafına da öz töhfəsini verir, əlindən gələn köməyi göstərməyə çalışır.
   Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2014-2015-ci tədris ilinin yekunlarına və 2015-2016-cı tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl 100 nəfərdən çox şagirdə məktəbli forması paylandı. Dövlət Proqramına əsasən bir neçə il əvvəl əsaslı təmir edilmiş 243 №-li tam orta məktəbin akt zalında baş tutan tədbirdə Pirallahı RİH və YAP Pirallahı Rayon Təşkilatının, eləcə də digər idarə və müəssisələrin rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının möhtəşəm Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi.
   Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən, çatışmazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2014-2015-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 138 məzundan 97 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 58 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərə nisbətən qəbul faizi 60%-dən yuxarıdır ki, bu da respublika üzrə ümumi göstəricidən yüksəkdir. Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmiş 168 №-li tam orta məktəbin şagirdi Nurlan Tərlan oğlu Bünyatov 680 bal toplayaraq Ali Neft Məktəbinə daxil olmuşdur. Daha 6 nəfər Pirallahı rayon məktəblisinin nəticəsi 500 baldan yuxarıdır ki, bu da rayon tarixində ən yüksək göstəricilərdən biridir.
    Bu il tələbə adı qazanmış məzunların təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun adını daim yüksəltməyə calışacaqlarına inam ifadə edən V.Səfixanov bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2400-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 247 müəllim məşğul olur ki, bunlardan da 220-si ali, 27-si orta ixtisas təhsillidir. Rayon ərazisində yerləşən bütün orta məktəblər “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”na əsasən əsaslı təmir edilmiş, müasir avadanlıq və kompüter sistemi ilə təchiz olunmuşdur. 2014-cü ildə əsaslı təmiri başa çatdırılmış 168 №-li tam orta məktəbdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik müasir tədris korpusu tikilərək yeni dərs ilinə istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. V.Səfixanov növbəti illərdə gənclərin hərbi təhsil verən məktəblərə istiqamətləndirilməsi işində irəliləyiş əldə ediləcəyinə, eləcə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün xaricə göndərilən tələbələrin arasında Pirallahı rayonunun təmsilçilərinin olacağına əminliyini ifadə etdi.
   Daha sonra çıxış edən 235 №-li tam orta məktəbin direktoru Tahir Süleymanov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
   Çıxışlardan sonra qəbul imtahanlarında yuksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzuladı.
Keçidlər