Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda abadlıq işləri davam edir

14 sentyabr 2015 | 10:00
    Bu gün ölkəmizin guşələrində, eyni zamanda paytaxtımız Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır.
   Təsdiq edilmiş layihəyə əsasən rayonun mərkəzi yolu və ətraf ərazilər abadlaşdırılır, yaşayış məhəllələrində nümunəvi həyətlər yaradılır, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülür və burada yeni infrastruktur layihələrinin reallaşdırılması məqsədilə zəruri addımlar atılır, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidən qurulan obyektlər rayona xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır.
    Pirallahı qəsəbəsinin Səməd Vurğun küçəsində dairə formasında kompozisiya inşa edilmişdir. Dairənin üstündə yaşı 20-dən artıq olan zeytun ağacı əkilmiş və ətrafı 100-ə yaxın dekorativ güllə bəzədilmişdir. Həmin kompozisiya qəsəbənin  gözəlliyinə daha bir  naxış vurmuşdur. Dairə orijinal formaya, diqqət çəkən maraqlı memarlıq quruluşuna malikdir. Ətrafda yerləşən 10 və 4 nömrəli binalar əsaslı şəkildə təmir olunur və binaların fasadlarını rozetkalarla, ulduzlar və xüsusi mənası olan milli ornamentlərlə bəzəyirlər.
       Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri davam edir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının, blokun və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Həmin proses 28-ci, 40-cı məhəllələrdə, K.Rzayev və Fioletov  küçələrində də davam etdirilir.
Keçidlər