Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

15 sentyabr 2015 | 10:00
    15 sentyabr 2015-ci il tarixdə Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi. Yeni dərs ilinin açılış mərasimlərində Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, 2015-2016-ci tədris ilində Pirallahı rayonunda 293 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. Onlardan 237 nəfəri azərbaycan, 56 nəfəri isə rus bölməsində təhsil alacaqdır.
    Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri acaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
    2014-2015-ci tədris ilində Pirallahı rayon məktəblərini  123-ü Azərbaycan, 15-i isə rus bölməsinin şagirdi olmaqla 138 məzun bitirmişdir. 97 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş, 58 nəfər qəbul olmuşdur. Məktəbi bitirənlərin sayına nisbətən qəbul faizi 42%, sənəd verənlərin sayına nisbətən 60% olmuşdur.
     Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar.
Qeyd edildi ki, keçən tədris ilində əsaslı təmiri başa çatdırılmış 168 №-li tam orta məktəbdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik yeni tədris korpusu tikilib yeni dərs ilinə istifadəyə təhvil verilmişdir. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri və 6 sinif otağı, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgan qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi nəzərdə tutulmuşdur. Rayonda 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 və 100 yerlik 2 körpələr evi-uşaq bağçasının tikintisi işləri sürətlə davam etdirilir.
    Bildirildi ki, sentyabrın 12-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcüd problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür. Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şerlərlə ifadə etdilər.
    Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı və bu kateqoriyadan olan digər ailələrə  məktəbli formaları, çantalar, məktəb ləvazimatı paylanıb. Belə ailələrə mütəmadi olaraq Rayon İcra Hakimiyyəti tərəfindən yardımlar edilir.
Keçidlər