Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edildi

18 sentyabr 2015 | 10:00
   18 sentyabr 2015-ci il tarixində Pirallahı rayonunun V.Mustafazadə adına Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin, Pirallahı rayon kütləvi kitabxanasının, 14 saylı Uşaq Musiqi Məktəbinin işçiləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbirdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin milli musiqinin formalaşmasındakı əvəzedilməz rolundan danışdılar. Bildirildi ki, Üzeyir Hacıbəylinin opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktiki olaraq Yaxın Şərqdə ilk dəfə Azərbaycanda yarandı. Qeyd edildi ki, Üzeyir Hacıbəylinin əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, milli koloritli, tərbiyəvi əsərlərdir, korifey sənətkar eyni zamanda Azərbaycan himninin möhtəşəm musiqisinin müəllifidir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin Prezident fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı.
   Daha sonra Pirallahı rayon orta ümumtəhsil məktəblərinin şagirdləri Üzeyir Hacıbəylinin felyetonlarından fraqmentlər səsləndirdilər. 14 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri dahi bəstəkarın əsərlərini ustalıqla ifa etdilər. Məktəbin müxtəlif siniflərində musiqi təhsili alan şagirdlərdən Çinarə Rzayeva, Fatimə Şərifova, Qorxmaz Bəxtizadə və başqalarının çıxışları tədbirə  toplaşanların alqışları ilə qarşılandı.
   Tədbirin sonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatından bəhs edən videoçarx nümayiş olundu.
Keçidlər