Şriftin ölçüsü :

Saytın rəngi :

20 Sentyabr-Neftçilər Günü ərəfəsində Çilov adasında yeni inşa edilmiş iaşə obyektinin açılış mərasimi oldu

21 sentyabr 2015 | 10:00
   19 sentyabr  2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun  Çilov adasına növbəti səfəri baş tutdu. Helikopter  meydanşasında qarşılanan rəhbərlik SOCAR tərəfindən inşa edilmiş “28 May” NQÇİ-nin Çilov adasındakı müasir idman sağlamlıq mərkəzi və istirahət kompleksinin açılış mərasimində iştirak etdilər. SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən rəmzi lent kəsildikdən sonra yeni obyektə baxış keçirildi. 2 mərtəbədən ibarət olan binanın sahəsi 650m2, hündürlüyü 6,5m-dir. Obyektdə tikinti-quraşdırma işlərinə 2013-cü ilin fevral ayında başlanmışdır. Birinci mərtəbədə 200 yerlik yeməkxana və kabinetlər, II mərtəbədə 50 yerlik yeməkxana, 150 yerlik akt zalı, camaşırxana və qurutma, istirahət otaqları və kitabxana, Heydər Əliyev guşəsi mövcuddur. Binanın havalandırma sistemi isti-soyuq kondisionerlərlə və “kombi” tipli isitmə sistemi ilə layihələndirilmişdir. 1 və 2-ci mərtəbələrinin ventilyasiya sistemi quraşdırılmış və hər mərtəbədə vent kameralar layihələndirilmişdir. Obyektdə 100 m3-lik içməli su hovuzu,  200 m3-lik yanğın hovuzu  tikilmiş və müvafiq nasosxana qurulmuşdur.
     Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər qonaqlar Çilov adasında aparılmış geniş quruculuq və abadlıq işləri ilə tanış oldular. Çilov qəsəbəsində ARDNŞ-nin dəstəyi ilə yeni yataqxana kompleksinin, ƏKS OSMOS qurğusunun tikildiyini, əhalinin içməli su ilə təminatının yaxşılaşdırıldığını, yolların asfalt örtüyünün yeniləndiyini, ekoloji sağlamlıq istiqamətində xeyli iş görüldüyünü, 16 saylı BŞX-da cari təmir işləri aparıldığını və çarpayı ilə təmin olunduğunu, adada aptekin açılmasını, geniş yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırıldı. İcra Başçısı Çilovda mövcud sabitliyin qorunması, adaya gəlib-gedənlərə daim nəzarət edilməsi barədə müvafiq orqanların nümayəndələrinə göstərişlər verdiyini bildirdi.
    Rayondakı mövcud problemlərin bir çoxunun “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salındığını bildirən V.İmanov 16 saylı BŞX-nın proqram çərçivəsində əsaslı şəkildə təmir olunacağını da diqqətə çatdırdı.
    Çilovda içməli su ilə təminat məsələsinin həlli istiqamətində işlərin sürətləndiriləcəyini deyən, Pirallahı rayonunun yalnız neft rayonu kimi deyil, eyni zamanda gələcəkdə bir turizm bölgəsi kimi də inkişaf etməli olduğunu vurğulayan V.İmanov bütün məsələlərin ilk növbədə dövlətimizin və ölkə başçısının mənəvi və maliyyə dəstəyi ilə mərhələli şəkildə həyata keçiriləcəyini qeyd etdi. Rayonun inkişafı  üçün çox işlər görən ARDNŞ rəhbərliyinin bundan sonra da  daim Pirallahı  sakinlərinin yanında olacağına əmin olduğunu söyləyən İcra Başçısı paytaxtımızda sayca 12-ci yaradılmış Pirallahı rayonunun reallaşdırılacaq geniş miqyaslı layihələr sayəsində yaxın gələcəkdə Bakı şəhəri rayonları arasında ön cərgələrə çıxacağına əminliyini ifadə etdi.
      Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov fədakar dəniz neftçilərini peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik etdi və onlara uğurlar arzuladı.
    Daha sonra tədbir bayram konserti ilə davam etdirildi. Tanınmış müğənnilər bir-birindən maraqlı musiqi nömrələri ilə dəniz neftçilərinin peşə bayramını təbrik etdilər.
Keçidlər