Azərbaycanda ilk dəfə olaraq İKF KEMPO üzrə Avrasya çempionatı keçirildi
20 oktyabr 2015 | 10:00
Pirallahı idmançıları bu yarışlarda yüksək nəticələr göstərdilər
17-18 Oktyabr 2015-ci il tarixlərində Azərbaycanda ilk dəfə olaraq İKF KEMPO üzrə Avrasya çempionatı keçirilib. Çempionatda 21 komandanı təmsil edən 183 idmançı öz qüvvəsini sınayıb. Azərbaycan kempoçuları ilə yanaşı xarici ölkələrdən Əfqanıstan, Rusiya və İran idmançıları da bu çempionatda iştirak ediblər. "Şağan OİK" baş tutan çempionatın yarışları Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Azərbaycan Karate Do Federasiyaları Assosiasiyasının razılığı ilə, eləcə də "Toğrul" İdman Klubunun təşkilatçılığı ilə təşkil olunmuşdu. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin və Bakı şəhər Gənclər və İdman baş idarəsinin nümayəndələri, Əfqanıstan səfirliyinin təmsilçlləri, bir neçə idman federasiyasının rəhbərləri də iştirak etdilər.
Bu mötəbər çempionatda Pirallahı rayonunun Kempo komandası da bir neçə idmançı ilə təmsil olunmuşdu. İki gün davam edən gərgin idman mübarizəsinin nəticəsi olaraq Seymur Yusibov full kontakt versiyası üzrə çempion olmuş, submission üzrə isə fəxri kürsünün 2-ci pilləsinə yüksəlmişdir. Gənc Rauf Hüseynov da etimadı doğrultmuş və 15-17 yaşlı idmançıların qrupunda çempionluğu bayram etmişdir. Bundan başqa, Murad Yaqubovun, cəmi 17 yaşı olmasına baxmayaraq, kişilər arasında mükafata layiq 2-ci yerə yüksəlməsi önəmli nəticə kimi qeyd olunmalıdır.